ABŞ prezidenti Donald Trampın ticarətlə bağlı danışıqlarda masa arxasında duran tərəfin Çin olmasının vacibliyinə inandığı bildirilib. Ağ Evin bəyanatında qeyd olunub ki, bu mövqe Trampın Pekini "Boeing" ilə böyük razılaşmanı pozmaqda ittiham etməsindən sonra aydın olub.
Ağ Evin sözçüsü Karoline Leavitt aprelin 15-də mətbuat brifinqində deyib ki, top indi Çinin meydançasındadır. Çin bizimlə razılaşmalıdır. Biz onlarla razılaşmaq məcburiyyətində deyilik. Çin ilə digər ölkələr arasında heç bir fərq yoxdur, yeganə fərq onların daha böyük olmasıdır.
Leavittin açıqlamaları ABŞ prezidenti Donald Trampın Çinin ABŞ-ın təyyarə nəhəngi "Boeing" ilə böyük sövdələşməni pozduğunu iddia etməsindən sonra gəlib. İttiham "Bloomberg"in Pekinin hava yollarına yeni "Boeing" təyyarələrinin tədarükünü dayandırmağı əmr etdiyini bildirməsindən sonraya təsadüf edir.
Xəbərdə həmçinin qeyd olunub ki, Pekin administrasiyası Çin aviaşirkətlərindən ABŞ şirkətlərindən təyyarə ilə bağlı avadanlıq və ehtiyat hissələri almağı dayandırmağı istəyib.
Tramp "Truth Social"da etdiyi paylaşımda "Tamamilə vəd edilmiş təyyarələri təhvil almayacaqlarını söylədilər. Bununla da böyük "Boieng" müqaviləsini pozdular" deyib. Lakin Tramp qeyd etdiyi "Boeing" müqaviləsi ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, Tramp bu ilin əvvəlində prezidentliyə qayıtdıqdan sonra həm müttəfiqlərinə, həm də rəqiblərinə yeni tariflər tətbiq edib. Bununla belə, Çinə qarşı ən sərt addımını ataraq, bir çox Çin mallarına əlavə 145 faiz vergi tətbiq etmişdir.
Avropa Komissiyasının sədri Ursula von der Leyen Almaniyanın həftəlik "Die Zeit" qəzetinə verdiyi bəyanatda deyib ki, Trampın Aİ-yə 10%-lik rüsumlar tətbiq etməsindən sonra Aİ ilə ABŞ arasında münasibətlər “mürəkkəb” olub.
Avropa Komissiyasının sədri Ursula von der Leyen mümkün danışıqlarla bağlı suala “Biz avropalılar öz mövqeyimizi açıqladıq, amerikalılar da öz mövqeyini bildirir” deyə cavab verib.
Kanada hökuməti də aprelin 15-də avtomobil istehsalçılarına tariflərdən azad ediləcəyini açıqlayıb. Bununla belə, bu istisnanın şirkətlərin Kanadada istehsal fəaliyyətlərini davam etdirmələri ilə şərtləndiyi bildirilib. Ottavanın bu addımı Tramp administrasiyasının siyasətlərinin əsas sənaye sektorunun ABŞ-a keçməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda atılıb.
"Sıfır hörmət"
Aprelin 14-ü günü "Truth Socia"da edilən paylaşımda Tramp Pekini əvvəlki ticarət razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Trampın qeyd etdiyi razılaşma ABŞ və Çin arasında ilk prezidentlik dövründə kəskinləşən tarif müharibəsinə son qoyacaq razılaşma hesab edilirdi.
ABŞ prezidenti Çinin sadəcə 'almağı qəbul etdiklərinin bir hissəsini' aldığını bildirərək, Pekinin sələfi Bayden administrasiyasına 'sıfır hörmət' göstərdiyini iddia edib.
İlin əvvəlindən Tramp Çindən idxal olunan mallara yüksək vergilər tətbiq etməklə yanaşı, ABŞ-ın bir çox ticarət tərəfdaşlarına 'baza' 10% rüsum tətbiq edib.
Tramp administrasiyası smartfonlar və noutbuklar kimi bəzi texnoloji məhsulları 10% qlobal tarifdən və Çinə tətbiq edilən 125% əlavə vergidən azad edərək, bu tariflərdən istisnaları genişləndirdi.
Çindən idxal edilən bir çox məhsul hələ də cəmi 145% əlavə rüsumlarla və ya Çinin fentanil tədarük zəncirindəki roluna görə Trampın tətbiq etdiyi əvvəlki 20% tariflərlə qarşı-qarşıyadır.
Buna cavab olaraq Pekin ABŞ-ın kənd təsərrüfatı məhsullarına əks rüsumlar tətbiq etməklə cavab verdi və sonra ABŞ-ın idxalına 125% rüsum tətbiq etdi.
"Boeing" səhmləri aprelin 15-də 2,4% ucuzlaşıb.