İngiltərənin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və mühasirəyə görə İsraillə ticarət danışıqlarını dayandırmasından sonra Avropa İttifaqı da bu ölkə ilə imzalanmış əməkdaşlıq sazişinin yenidən nəzərdən keçirilməsi üçün göstəriş verib.
İsrailin Qəzzaya qarşı hərbi hücumları və mühasirәsinә görə İngiltərə, Fransa və Kanadanın tədbir görmək hədələrinə sərt reaksiya verməsindən bir gün sonra Fransa Fələstin dövlətini tanımaq öhdəliyini bir daha təsdiqləyib.
Kaya Kallas mayın 20-dә verdiyi açıqlamada bildirib ki, xarici işlər nazirlərinin toplantısında üzv dövlətlәrin əksəriyyəti İsrailə təzyiq göstərilməsi məqsədilə bu addımı dəstəkləyib. O, jurnalistlərə açıqlamasında deyib: “Ölkələr Qəzzadakı vəziyyətin qəbuledilməz olduğunu görür. Bizim istədiyimiz isə insanlara həqiqətən yardım etmək və humanitar yardımın çatdırılmasına mane olan baryerləri aradan qaldırmaqdır.”
Qeyd edək ki, ticarət əlaqələrinin təməlini təşkil edən Aİ-İsrail Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilməsinə yönəlmiş təşəbbüs, atəşkəsin sona çatmasından sonra İsrailin Qəzzada törətdiyi qırğınların yenidən başlanması ilə daha da güclənib.
Mәlumata görә, 17 Aİ ölkəsi sazişin insan hüquqlarına hörmət prinsipini əks etdirən maddə əsasında yenidən nəzərdən keçirilməsi üçün təzyiq göstərir. Niderland isə bu təşəbbüsə rəhbərlik edir.
Avropa İttifaqı daxilində uzun müddətdir İsraili dəstəkləyən ölkələrlə Fələstini müdafiə edən ölkələr arasında fikir ayrılıqları müşahidə olunur.
Bunun bariz nümunəsi kimi, Macarıstanın işğal altındakı İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudilәrә qarşı əlavə sanksiyaların tətbiq olunmasının qarşısını alması göstərilə bilər. Digər tərəfdən, Belçikanın xarici işlər naziri Maksim Prevo, Qəzzada insan hüquqlarının pozulması ilə bağlı “heç bir şübhəsinin olmadığını” bildirib və mövcud sazişin yenidən nəzərdən keçirilməsinin, bütövlükdə razılaşmanın dayandırılmasına səbəb ola biləcəyini vurğulayıb.
İngiltərə isə azad ticarət danışıqlarını dayandırıb və İsrailin səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Xarici işlər naziri Devid Lammi, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti Fələstin torpaqlarındakı hərbi hücumları genişləndirdiyinə görə “dəhşətli hərəkət və ritorika”da ittiham edib.
Lammi, Britaniya parlamentindəki çıxışı zamanı hökumətin İordan çayının qərb sahilindəki qeyri-qanuni məskunlaşmalarda iştirak edən şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq etdiyini bildirib. O, çıxışında deyib: “Dünya izləyir, tarix onları mühakimə edəcək. Humanitar yardımı əngəlləmək, müharibəni genişləndirmək, dostlarınızın və tərəfdaşlarınızın narahatlıqlarını görməməzlikdən gəlmək – bu, qəbuledilməzdir və dərhal sona çatmalıdır.”
Qeyd edək ki, İngiltərə hökuməti 2030-cu ilə qədər İngiltərə-İsrail münasibətlərinə dair yol xəritəsi çərçivəsində bu ölkə ilə əməkdaşlığını yenidən nəzərdən keçirəcəyini bildirib.
İsrail isə buna cavab olaraq bildirib ki, “xarici təzyiqlər” ölkəni “öz mövcudluğunu və təhlükəsizliyini məhv etmək istəyən düşmənlərə qarşı mübarizədən” çəkindirə bilməz. İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi Oren Marmorstein deyib: “Əgər Britaniya hökuməti İsrailə qarşı yönəlmiş obsesiyası və daxili siyasi maraqları səbəbindən öz iqtisadiyyatına zərər vurmaq istəyirsə, bu, onların seçimidir.”
Fransa da İsrailə qarşı diplomatik tənqidlərini bir daha gündəmə gətirib. Xarici işlər naziri Jan-Noel Barro Fələstin dövlətini tanımaq öhdəliyini bir daha təsdiqləyib. “France Inter” radiosuna müsahibә verәn Jan-Noel Barro deyib: “Biz Qəzzadakı uşaqlara zorakılığı və nifrəti miras qoya bilmərik. Buna görə də bütün bunlar sona çatmalıdır və biz Fələstin dövlətini tanımaqda qərarlıyıq.”
İsrailin törətdiyi qətliam
İsrailin Qəzzada indiyədək həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 53.600-dən çox fələstinli həyatını itirib. Bölgənin böyük hissəsi dağıdılıb və əhalinin demək olar ki, tamamı məcburi köçkün vəziyyətinə düşüb.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi keçən ilin noyabr ayında Baş nazir Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində Qəzzada müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.