15 iyun gündüz saatlarında Tehranda keçirdiyi mətbuat konfransında İranın Xarici işlər naziri Seyid Abbas Ərağçi bəyan edib ki, “Rəsmi Tehran İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişi imzalamağa hazırdır. Lakin İran dinc və elmi məqsədlər üçün nüvə araşdırmasına son qoymayacaq. Əgər qarşı tərəf İranda dinc məqsədlər üçün nüvə araşdırmasına son qoymağı tələb etsə, rəsmi Tehran bununla razılaşmayacaq”.
ABŞ ilə danışıqların 6-cı mərhələsinin başlaması ərəfəsində İranın İsrail tərəfindən bombalanması onu deməyə əsas verir ki, İsrail diplomatik yollarla problemin həll olunmasına qarşıdır.
Abbas Ərağçinin sözlərinə görə, İran saziş üzrə hazırladığı planı Amerikaya təqdim etməyə və danışıqları sazişin imzalanması ilə nəticələnəcəyi təqdirdə davam etməyə hazırdır. Nazir bildirib ki, İran İsraili bombardman etməyi dayandırmağa da hazırdır. Lakin İsrail də dərhal Tehran və digər şəhərlərin bombardman edilməsini dayandırmalıdır. İranın hərbi arsenalında hipersəsli raketlər var və lazım gələrsə bundan yenə də istifadə ediləcək.
Qeyd edək ki, 14 iyun gecəsi İran İsrailin Hayfa şəhərinə hipersəsli raket atıb və İsrailin hava hücumundan müdafiə qüvvələri bu raketi zərərsizləşdirə bilməyib.
BMT TŞ-nin susqunluğu
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) İranın bombadrman edilməsinə susqunluğu təəssüf doğurur. Bir çox dünya ölkələrinin beynəlxalq qanunların kobudluqla pozulmasına göz yumması da eyni qaydada təəssüf doğurmaya bilməz”. Bu sözləri də İranın xarici işlər naziri Seyid Abbas Ərağçi xarici dövlətlərin səfirlərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “İranın neft və qaz infrastrukturunun bombalanması müharibənin uzanmasına səbəbə ola bilər. Əsaluyyə şəhərinin bombalanması münaqişəni körfəzə keçirmək istəyindən irəli gəlir. Bu bölgədə heç bir hərbi baza yoxdur. Əsəluyyədə İranın böyük qaz rezervləri yerləşir”.
Nazir bildirib ki, İsrail ABŞ-ın dəstəyi və razılığı olmadan İranı bombalamağa cəsarət edə bilməzdi. “Bizim əlimizdə ABŞ-ın regiondakı hərbi bazalarından İsrailin istifadə etməsinə dair tutarlı dəlillər var. Biz müdafiə olunuruq və cavabımız tamamilə qanunidir. Beynəlxalq qanunlara əsasən hər bir dövlətin özünü müdafiə etmək hüququ var. Təbii ki, İsrail bombardmanı dayandırsa, biz də müdafiəmizi dayandırarıq”, - deyə İranın Xarici işlər naziri bildirib.