Türkiyə terrorla mübarizədə mühüm bir mərhələyə qədəm qoyur. Bu inkişaf siyasi konsensusun və milli birliyin gücləndiyi bir mühitdə baş verir.
Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bazar ertəsi günü rəsmi "X" internet səhifəsində etdiyi paylaşımda prezident Rəcəb Tayyib Ərdoğanın yüksək siyasi iradəsinin yeni dövrün formalaşmasında təsirli olduğunu bildirib.
Ömər Çelik qeyd edib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının tarixi çağırışı, son hadisələrə qarşı qətiyyətli mövqeyi və sarsılmaz rolu ölkənin daxili birliyini gücləndirib. Ö.Çelik bu prosesi "daxili cəbhəni" hərtərəfli gücləndirən bir addım kimi qiymətləndirib.
Ömər Çelik həmçinin vurğulayıb ki, son dövrlərdə partiyadaxili səmərəli və mənalı dialoq, demokratik siyasətin məsuliyyət daşımasına və konkret təşəbbüslər irəli sürməsinə şərait yaradıb.
‘‘Terrorsuz Türkiyə’’
İmralı adasından verilən son açıqlamaya toxunan Ö.Çelik PKK-nın silahı yerə qoyması və özünü ləğv etmə qərarının "Terrorsuz Türkiyə" hədəfində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Ömər Çelik deyib: "Bu qərar tam icra olunarsa, ölkə üçün tamamilə yeni bir dövrün qapılarını aça bilər."
Ömər Çelik bu qərarın bütün aspektləri ilə real şəkildə həyata keçirilməli olduğunu vurğulayıb. Ömər Çelik bu prosesin dövlət qurumları tərəfindən sahədə ciddi şəkildə izləniləcəyini, irəliləyişlə bağlı mütəmadi olaraq prezident Rəcəb Tayyib Ərdoğana məlumat veriləcəyini və hərtərəfli yoxlama aparılacağını bildirib. Ömər Çelik bu qərarın həm ölkə daxilində, həm də sərhəddən kənarda həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.
Birlik və milli kimlik
Ö.Çelik "Terrorsuz Türkiyə" baxışının həyata keçirilməsinin təhlükəsizlik siyasətlərində yeni bir səhifə açmaqla yanaşı, siyasi sistemlərin dərinləşən problemlərlə üzləşdiyi bir dövrdə ölkənin demokratik kanallarını da canlandıracağını bildirib. O, Türkiyənin demokratiyasının, siyasi quruluşunun və milli həmrəyliyinin güclənəcəyini qeyd edib.
Başda Türkiyə Böyük Millət Məclisi olmaqla, siyasətin bütün qanuni ünvanlarında siyasi dialoq kanallarının ən güclü şəkildə işləməsini təmin edəcəyini vurğulayan Ö.Çelik deyib: "Cümhuriyyətimizin hamımızın damı olduğunun şüuru və demokratiyamızın hər cür problemlərin həlli üçün təməl zəmin olduğu anlayışı daha da güclənəcək".
Gələcəyimizin ortaq tarix, ortaq tale və vətəndaşlıq şüuru ilə möhkəm və qanuni təməllər üzərində formalaşmağa davam edəcəyini bildirən Ö.Çelik deyib: "Hər müsbət mərhələ yeni müsbət mərhələyə şərait yaradacaq’’, – deyə bildirib.
Ö.Çelik "Terrorsuz Türkiyə" hədəfinin bütün ölçüləri ilə həyata keçirilməli olduğunu bir daha təkrarlayıb. Çıxışını birlik mesajı ilə yekunlaşdıran Ö.Çelik "Adlarımız fərqli olsa da, ortaq soyadımız Türkiyə Cümhuriyyətidir", – deyə vurğulayıb.
Ö.Çelik Türkiyə dövlətinin əsas prinsipləri və xalqının dəyərləri ilə bağlı müzakirəyə yer olmadığını bildirərək "Bu dəyərlərə xələl gətirəcək hər hansı addımdan söhbət gedə bilməz və ola da bilməz", – deyə qeyd edib.
Terror təşkilatı özünü buraxdı
Terror təşkilatı PKK özünü ləğv etdiyini və silahlarını yerə qoyduğunu açıqlayıb.
Türkiyə, Avropa İttifaqı, ABŞ, NATO və dünyanın bir çox ölkəsi tərəfindən terror təşkilatı kimi tanınan PKK 40 ildən artıqdır ki, on minlərlə uşaq, qadın və kişinin ölümünə görə məsuliyyət daşıyır.
5–7 may tarixləri arasında İraqın şimalında keçirilən konqresdən sonra, onilliklərdir qan tökən və zorakılıq törədən PKK özünü buraxdığını və silahı yerə qoyduğunu bəyan edib.
Türkiyə hökuməti uzun illərdir PKK və təşkilata tabe olan qrupları həm milli təhlükəsizlik, həm də regional sabitlik baxımından əsas təhdid hesab edir. Ankara dəfələrlə vurğulayıb ki, heç bir terror təşkilatının nə Türkiyə sərhədləri daxilində, nə də ətraf bölgələrdə mövcudluğuna icazə verilməyəcək.
Bu hadisə terrorla mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilsə də, Türkiyə ehtiyatlı mövqeyini qorumaqda davam edir.