Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) Dәmәşq şəhərinin mərkəzində yerləşən bir kilsəyə edilən ölümcül terror hücumundan sonra Suriya xalqına başsağlığı verib və dəstək mesajı yayımlayıb.
İyunun 22-dә verilən açıqlamada Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik bildirib: “Dәmәşqdә bir kilsəni hədəf alan terror hücumunda həyatını itirənlərin ailələrinə və Suriya xalqına başsağlığı veririk. Qardaş Suriya dövlətinin təhlükəsizliyi və suverenliyini dəstəkləyirik. Terrora qarşı mübarizəsində hər zaman qardaş Suriya xalqının yanındayıq.”
Bu açıqlama bazar ayinləri zamanı Şərqi Dәmәşqdә yerləşən Mar İlyas kilsəsinə DEAŞ terror təşkilatına bağlı bir intiharçı tərəfindən hücum həyata keçirilməsindən bir neçə saat sonra yayımlanıb.
Suriya rəsmilərinin məlumatına görə, silahlı şəxs partlayıcıları işə salmazdan əvvəl ətrafa atəş açıb. Hücum nəticəsində tәxminәn 20 nəfər həyatını itirib, 52 nəfər isə yaralanıb.
Ötən ayın sonunda Suriya Daxili İşlər Nazirliyi Dәmәşq ətrafında fəaliyyət göstərən bir neçə DEAŞ üzvlәrinin mәkanlarını zərərsizləşdirildiyini və həmin yerlərdəki silah anbarlarının əlә keçirildiyini açıqlamışdı.
Qeyd edәk ki, dekabr ayında B.Əsəd rejiminin devrilməsi və təxminən altmış illik Baas Partiyası hakimiyyətinin sona çatmasından sonra Suriya təhlükəsizlik qüvvələri cinayət, insan hüquqlarının pozulması və terrorla əlaqəli fəaliyyətlərdə ittiham edilən şəxsləri tәqibә alıb.
Xatırladaq ki, B.Əsəd rejimi əleyhinə qüvvələrə rəhbərlik edən Əhməd Əl-Şəraa, yanvar ayında keçid dövrü üçün prezident elan edilib.