“Türkiyənin metropol şəhəri İstanbul rəsmi Moskva ilə Kiyev arasında aparılan danışıqlar üçün əsas platformaya çevrilir. İstanbul platforması həm də Qara dəniz taxıl sazişi üzrə əsas müzakirə məkanı statusuna malikdir”, - bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu mayın 29-da Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə birgə çıxışı zamanı dilə gətirib.
Sergey Şoyqu bildirib ki, rəsmi Ankara nümayəndə heyətlərinin işini asanlaşdırmaq üçün təhlükəsizliyi təmin etmək baxımından ciddi səylər göstərdi. Buna görə də Türkiyə rəhbərliyinə təşəkkürümü bildirirəm.
Qeyd edək ki, mayın 16-da İstanbulda keçirilən birbaşa görüşlər zamanı tərəflər əsir mübadiləsi ilə yanaşı, atəşkəs istiqamətində danışıqların davam etdirilməsi barədə də razılığa gəliblər. Bu görüşlər Türkiyənin vasitəçiliyi ilə həyata keçirilib.