ABŞ prezidenti Netanyahuya İrana hücumları davam etdirmək istəmədiyini və nüvə obyektlərinə hücumlardan sonra diplomatiyaya üstünlük verdiyini bildirib.
“Axios” xəbər saytı adı açıqlanmayan ABŞ rəsmisinə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp İrana hərbi hücumları davam etdirməyi planlaşdırmır və bunun əvəzinə Tehranla sülh razılaşması əldə etməyi hədəfləyir.
Xəbərdə Trampın İranın nüvə obyektlərinə edilən hücumlardan qısa müddət sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxladığı və hücumların nəticələrini paylaşdığı, İranla razılaşmaq niyyətində olduğunu ifadə etdiyi bildirilib.
ABŞ rəsmisi "Prezident hücumları davam etdirmək istəmir. İran qisas alacağı təqdirdə cavab verməyə hazırdır, lakin Netanyahuya sülh istədiyini bildirib" deyib.
İsrail rəsmilərindən biri də bunu təsdiqləyərək "Axios" xəbər saytına deyib ki, amerikalılar bu raundu başa çatdırmaq istədiklərini bizə açıq şəkildə bildirdilər. Hücumlarımızı davam etdirməyimizə etiraz etmirlər, lakin onlar üçün bu məsələ bitib.
Xəbərdə İsrailin ABŞ-ın tələbi ilə Amerikanın hücumundan 48 saat əvvəl İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiyi bildirilib. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, Vaşinqton İsrailə Fordo nüvə obyektinə hücumdan əvvəl vurulacaq hədəflərin siyahısını təqdim edib.
ABŞ Fordo obyektini vurmaq üçün B-2 gizli bombardmançılarından və bunkerləri məhv edən bombalardan istifadə edib, ABŞ sualtı qayıqlarından atılan onlarla qanadlı raket Natanz və İsfahandakı hədəflərə göndərilib.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn əməliyyata gizli bombardmançı təyyarələr, döyüş təyyarələri, yanacaq dolduran təyyarələr, idarə olunan raket sualtı qayıqları və müşahidə təyyarələri də daxil olmaqla 125-dən çox ABŞ təyyarəsinin cəlb edildiyini bildirib. Tramp isə hücumları "çox uğurlu" adlandırıb.
Qeyd edək ki, gərginlik İsrailin iyunun 13-də İrandakı hərbi və nüvə obyektlərinə aviazərbələr endirməsindən sonra başlayıb. Tehran buna raket zərbələri ilə cavab verib.
İran Səhiyyə Nazirliyi İsrailin İrana qarşı apardığı müharibədə 430 nəfərin öldüyünü, 3500-dən çox insanın yaralandığını, Təl-Əviv isə İranın raket və pilotsuz təyyarələrinin zərbələri nəticəsində 25 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını bildirib.