Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya və nümayəndə heyətinin üzvü Aleksandr Bevz Rusiya ilə birbaşa danışıqlardan əvvəl Almaniya, İtaliya və Birləşmiş Krallıq nümayəndələri ilə İstanbulda görüşüblər.
Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi Georgi Tixiynin verdiyi məlumata görə, toplantının əsas məqsədi Rusiya ilə aparılacaq danışıqların gündəliyinə dair mövqelərin koordinasiyası olub.
Ukraynalı nümayəndələr sülhə sadiq olduqlarını bir daha bildirərək, tam atəşkəsə nail olunmasının, liderlər səviyyəsində görüşün keçirilməsinin və humanitar sahədə etimadı artırıcı addımların vacibliyini diqqətə çatdırıblar.
Tixiy sosial media hesabında etdiyi paylaşımda bildirib ki, bu gün keçiriləcək Ukrayna-Rusiya görüşü öncəsi tərəflər mövqelərini müəyyənləşdiriblər.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinin atəşkəs və liderlər görüşü çağırışı, Türkiyənin vasitəçi kimi sonuncu tur danışıqlara ev sahibliyi etdiyi, diplomatik səylərin davam etdiyi bir məqamda səsləndirilib.
Zelenski: “Ukrayna sülhə hazırdır”
Ukrayna prezidenti Volodimir Zelenski mayın 2-də baş tutacaq görüşdən qabaq bildirib ki, ölkəsi sülh üçün istənilən addımları atmağa hazırdı.
Litvada NATO liderləri ilə keçirilən toplantıda çıxış edən V. Zelenski deyib: “Sülh üçün lazım olan addımları atmağa hazırıq”. O, həmçinin deyib ki, əgər Rusiya İstanbul danışıqlarını pozarsa və nəticə əldə olunmazsa, təcili şəkildə yeni sanksiyalara ehtiyac yaranacaq.
Xatırladaq ki, Ukrayna nümayəndə heyəti Rusiya ilə birbaşa danışıqların ikinci raundu üçün mayın 2-də İstanbula gəlib.