İranın Xarici İşlər naziri Abbas Əraqçi iyunun 22-dә (bu gün) verdiyi açıqlamada Amerikanın hücumunu qəbuledilməz və ciddi nəticələrә sәbәb olacaq bir addım kimi qiymətləndirərək sərt tənqid edib.
A.Əraqçi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ-ı həm BMT Nizamnaməsini, həm də Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaqda ittiham edib. O, açıqlamasında bildirib: “BMT-yə üzv olan hər bir dövlət bu son dərəcə təhlükəli, qanunsuz və cinayət xarakterli davranış qarşısında səfərbər olmalıdır.”
İyunun 22-dә səhər saatlarında həyata keçirilən hava hücumu Tehran rәhbәrliyi tərəfindən dinc nüvə məqsədləri üçün istifadə edildiyi bildirilən obyektləri hədəf alıb.
Nazir A.Əraqçi BMT Nizamnaməsinin dövlətlərə silahlı hücum halında özünü müdafiə etmək hüququ verdiyini xatırladaraq, İranın cavab vermək haqqına sahib olduğunu vurğulayıb. “İran öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün variantları açıq saxlayır”, – deyə nazir xəbərdarlıq edib.
Hücumdan sonra rәsmi Vaşinqtonla Tehran rәhbәrliyi arasında gərginlik sürətlə artmağa başlayıb və bu vəziyyətin regional sabitliyə təsir göstərə biləcəyi ilə bağlı beynəlxalq narahatlıq yaranıb.
ABŞ-ın mövqeyi
ABŞ prezidenti Donald Tramp Amerika hərbçilərinin İranın üç nüvə obyektinə uğurlu zərbələr endirdiyini bildirib. Bu vәziyyәt bölgədə daha genişmiqyaslı bir münaqişənin başlaya biləcəyi ilə bağlı narahatlıqları artırmaqdadır.
D.Tramp bildirib ki, Fordo, Natanz və İsfahan şəhərlərindəki yerləşən İranın əsas nüvə obyektlәrinə hücum həyata keçirilәrәk zərbələr endirilib. Prezident həmçinin bütün Amerika döyüş təyyarələrinin İran hava sahəsindәn çәkildiyini deyib və İranın ehtimal olunan cavab addımları ilə bağlı sərt xəbərdarlıq edib.