Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sürətlə dəyişən qlobal mühitdə sülh və sabitliyi təşviq etmək üçün Türkiyənin artan səylərinə diqqət çəkərək xüsusilə Ankara ilə Vaşinqton arasındakı strateji münasibətlərin vacibliyini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan deyib: ‘‘Türkiyə–ABŞ tərəfdaşlığı bölgəmizdə və dünyada sabitliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıyır. Biz nəticəyönümlü və konstruktiv dialoq platforması yaratmaq üçün səy göstəririk.” Ölkə başçısı, həmçinin NATO çərçivəsində ortaq dəyərlərə və strateji uyğunluğa yenidən diqqət yetirilməsinə çağırıb.
Müdafiə sahəsində əməkdaşlıq
Türkiyə prezidenti uzun müddətdir davam edən müdafiə sahəsində əməkdaşlıq və sanksiyalar məsələlərinə də toxunub. “CAATSA məsələsində bir yumşalma olduğunu rahatlıqla deyə bilərik. Bu prosesi daha sürətli şəkildə aradan qaldıracağımıza inanıram” - deyə Türkiyə Prezidenti qeyd edib.
R.T.Ərdoğan həmçinin vurğulayıb ki, iki ölkə arasında müdafiə sahəsində heç bir məhdudiyyət olmamalıdır. O, həmçinin strateji tərəfdaşlığa zərər verən bütün maneələrin aradan qaldırılması istiqamətində gözləntilərini də bir daha dilə gətirərək deyib: “Strateji tərəfdaşlıq ruhuna zidd olan bütün maneələrin aradan qaldırılması ən böyük gözləntimizdir. Hər müsbət addım dəyərlidir. Daha çox addımın atılacağına inanıram.”
Sülh və sabitlik
Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ Dövlət Departamentinin Türkiyəyə 300 milyon dollardan çox havadan-havaya raket satışına razılıq verməsini məmnuniyyətlə qarşıladığını bildirib.
Ərdoğan Avropanı Suriyada terrorizmin ləğvi və yenidənqurma prosesi ilə bağlı məsuliyyət daşımağa çağırıb. O, ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmə qərarını müsbət addım kimi qiymətləndirib. Prezident Ərdoğan vurğulayıb ki, ABŞ prezidenti cənab Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmə qərarını bu baxımdan çox mühüm və mənalı hesab edirəm. Ümid edirəm ki, dostum Trampın bu qərarı, başda Aİ olmaqla bütün tərəflər üçün nümunə olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın yeni rəhbərliyi ilə Türkiyə arasında güclü münasibətlərin qurulduğunu qeyd edərək deyib:“Hazırda Suriya rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Suriya prezidenti cənab Əhməd Şəraa Türkiyəni iki dəfə ziyarət edib. Son dərəcə səmərəli görüşlər keçirmişik.” O, əlavə edib ki, bu yanaşma təkcə Suriyada deyil, həm də qonşu İraqda sülh və sabitliyin təşviqinə töhfə verəcək.
R.T.Ərdoğan həmçinin PKK terror təşkilatına qarşı mübarizədən də bəhs edib. “PKK terror təşkilatının tamamilə tərk-silah olması, təşkilatın tam ləğvi və qeyri-qanuni fəaliyyətlərinə son qoyulması əsas hədəfimizdir”,-deyə Türkiyə prezidenti vurğulayıb.
Türkiyənin vasitəçilik səyləri
Prezident R.T.Ərdoğan Türkiyənin diplomatiyanı təşviq və vasitəçilik etməyə hazır olduğunu bir daha təsdiqləyib.
O, Rusiya və Ukrayna nümayəndə heyətlərinin üç il sonra ilk dəfə İstanbulda bir araya gəldiklərinə diqqət çəkərək deyib: “Tərəflər arasında dialoq kanallarını açıq saxlamaq və danışıqları davam etdirmək üçün əlimizdən gələni edəcəyik.”
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya–Ukrayna müharibəsinin sona çatması üçün rəsmi Vaşinqton, Moskva və Kiyev arasında fəal vasitəçilik aparır və Avropanı da bu yüksək səviyyəli diplomatik səyləri dəstəkləməyə çağırıb. “ABŞ prezidenti cənab Donald Tramp Rusiya prezidenti cənab Vladimir Putin və Ukrayna prezidenti cənab Volodimir Zelenski ilə həyata keçirdiyimiz bu həssas prosesə Aİ başda olmaqla bütün tərəflərin dəstəyini gözləyirik”,-deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
O, həmçinin Avropanı “siyasi baryerləri və qərəzli mövqeləri” tərk etməyə çağırıb. R.T.Ərdoğan həm Ukraynada davam edən müharibəyə, həm də Qəzzadakı humanitar böhrana toxunaraq deyib: “Təkcə müharibəni dayandırın demirik. Eyni zamanda metodlar təklif edirik, zəmin yaradırıq və hərəkətə keçmək çağırışı edirik. Müharibəni bitirmək üçün silahlar susmalı, diplomatiya danışmalıdır. Sülh danışıqları dərhal başlamalıdır və bu fürsət qaçırılmamalıdır”.
Pakistan və Hindistan arasındakı son qarşıdurmaya da toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər tərəflər tələb edərsə, əlbəttə, üzərimizə düşəni edərik. Biz bölgədə sülh istəyirik, iki qonşu arasında gərginlik arzulamırıq.
Qəzzadakı humanitar böhran
Prezident R.T.Ərdoğan Qəzzada və İordan çayının qərb sahilində davam edən zorakılıqlarla bağlı Avropanı məsuliyyət götürməyə çağırıb. “Avropanın Qəzzadakı humanitar fəlakət və İordan çayının qərb sahilindəki hücumlar qarşısında səssiz qalmağa haqqı yoxdur. Biz İsrail hökumətinə təzyiq göstərmək üçün bütün imkanlardan istifadə etməyə davam edəcəyik”,-deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan həmçinin qeyd edib ki, İsrailin hərbi hücumlarına son qoyulması şərtdir və bölgədə davamlı sülh üçün yeganə yol iki dövlətli həll modelidir. “Bölgədə davamlı sülhün yolu 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan, coğrafi baxımdan bütöv bir Fələstin dövlətinin yaradılmasından keçir”, - deyə dövlət başçısı qeyd edib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail hər gün onlarla qəzzalı qadını, uşağı və günahsız insanı öldürərək vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməz. Bu azğıncasına hərəkətə nə qədər tez son qoysalar, hər kəs üçün o qədər yaxşı olacaq. Qəzzanın bir gün belə itirəcək vaxtı yoxdur. Biz bunu hər platformada ifadə etdik. İsrailin Qəzzada törətdiyi hücumlar dərhal dayandırılmalıdır”.