Türkiyə Xarici İşlər Nazirliyi və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Suriyanın paytaxtı Dəməşqdə kilsədə törədilən intihar hücumunu qətiyyətlə pisləyib və terrora qarşı milli birliyə çağırış ediblər.
BMT-nin xüsusi nümayəndəsi Qeir Pedersen bildirib ki, bazar günü Dəməşqdəki "Mar Elias" kilsəsində dini ayin zamanı törədilən hücum nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. O, bu hadisəni "terror aktı" kimi qiymətləndirərək sərt şəkildə qınayıb.
Q. Pedersen deyib: "Dini mərasimdə iştirak edən mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olan bu terror hücumunu qəti şəkildə pisləyirəm. Hadisə ilə bağlı hərtərəfli istintaq aparılmalı və aidiyyəti orqanlar dərhal tədbir görməlidir."
Türkiyə
Türkiyə Dəməşqdə baş verən hücumu sərt şəkildə qınayıb. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda hücumun Suriyada sabitliyi pozmağa yönəldiyi vurğulanıb.
"Hücum Suriyada sabitlik və təhlükəsizliyin bərqərar olunmasına yönəlmiş səyləri zəiflətmək və ictimai asayişi pozmaq məqsədi daşıyır", – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Rəsmi Ankara bir daha Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, ölkəyə bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu və Suriya xalqının dözümlülüyünə olan inamını ifadə edib.
Qeyd edək ki, partlayış, Suriya Daxili İşlər Nazirliyinin mayın 26-da Dəməşq çölündə DEAŞ-a məxsus terror hücrələrinin aşkar edildiyini açıqlamasından bir neçə həftə sonra baş verib.
Təhlükəsizlik qüvvələri əməliyyat zamanı yüngül və orta çaplı silahların ələ keçirildiyini bildiriblər.