Cənub-qərbdəki Bəlucistan əyalətinin ucqar Mastunq bölgəsində ağır silahlarla silahlanmış hücumçular yarımhərbi qüvvələrin ofisinə basqın ediblər. Hadisə nəticəsində bir gənc həlak olub, yeddi nəfər yaralanıb. Əyalət hökumətinin sözçüsü Şahid Rindin açıqlamasına görə, qarşıdurma zamanı iki silahlı öldürülüb, üç nəfər isə yaralanıb. Ş.Rind bu son hücumun Hindistanın dəstəklədiyi terrorçular tərəfindən həyata keçirildiyini bildirib.
Pakistan rəsmilərinin bu ittihamına Hindistan hələlik cavab verməyib.
Terrorizm artımı ilə bağlı narahatlıq
İslamabad rәhbәrliyi uzun illərdir Hindistanı həm Bəlucistan, həm də Xeyber-Paxtunxva əyalətlərində silahlı qrupları dəstəkləməkdə ittiham edir. Lakin Hindistan bu iddialarla razı deyil.
Eyni gün Xeyber-Paxtunxva əyalətindә iki yol polisi naməlum silahlı şəxslər tərəfindən pusquya salınaraq öldürülüb. Yerli polisin verdiyi məlumata görə, polis əməkdaşları motosikletlə kənd yaxınlığında hərəkət edərkən hücuma məruz qalıb.
Son hücumlara görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Bununla belə, uzun müddətdir ki, həm Bәluc separatçıları, həm də Pakistanda fəaliyyət göstərən müxtəlif ekstremist qrupları birləşdirən “Tәhriki-Taliban Pakistan” (TTP) təşkilatı bu iki əyalətdə həm təhlükəsizlik qüvvələrini, həm də mülki əhalini hədəf alır.
Qeyd edәk ki, son illərdə Pakistanda xüsusilə də Xeyber-Paxtunxva və Bəlucistan əyalətlərində terror aktlarının artması narahatlıq doğurur.