ABŞ Konqresinin hər iki partiyasının üzvləri İranın nüvə obyektlərinə edilən hava hücumlarına dərhal reaksiya veriblər.
Senatın Silahlı Qüvvələr Komitəsinin sədri və Missisipidən olan Respublikaçı senator Rocer Viker hücumu alqışlayaraq ABŞ-ın indi çox ciddi qərarlarla üz-üzə olduğunu bildirib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri və Aydahodan olan Respublikaçı senator Cim Riş isə “Bu müharibə İsrailin müharibəsidir, bizim deyil. Amma İsrail bizim ən güclü müttəfiqlərimizdən biridir və İranı dünya üçün zərərsizləşdirir. Ancaq bu әbәdi bir müharibənin başlanğıcı deyil. İranda amerikalı əsgərlər olmayacaq”, – deyə bildirib.
Kentukkidən olan mühafizəkar respublikaçı konqresmen Tomas Messi isə sosial mediada paylaşım edərək “Bu, konstitusiyaya ziddir” deyə bildirib və Konqresin xarici ölkələrə qarşı müharibə elan etmə səlahiyyətinə istinad edib.
ABŞ Nümayəndələr Palatasının sədri və Luizianadan olan respublikaçı Mayk Conson isə deyib: “Prezident İran liderinə razılaşma əldə etməsi üçün hər cür imkanı verdi, lakin İran nüvə silahsızlanması razılaşmasına sadiq qalmaqdan imtina etdi. Prezidentin qətiyyəti, ABŞ-a ölüm çağırışları edən və dünyanın ən ölümcül silahını əldə etməyə çalışan terrorizmin ən böyük dövlət dəstəkçisini dayandırır.”
Cənubi Dakota ştatından olan respublikaçı senator və Senatın əksəriyyət lideri Con Tun isə “Prezident D.Trampın yanındayam” deyərək dəstəyini ifadə edib.
Fələstinli mühacir olan Miçiqandan demokrat konqresmen Rəşida Tlaib isə sərt çıxış edərək bildirib: “Prezident D.Trampın Konqresin razılığı olmadan İrana bomba atmaq üçün ABŞ əsgərlərini göndərməsi Konstitusiyamıza açıq şəkildə ziddir. Amerika xalqı yeni bir sonsuz müharibə istəmir. Biz Yaxın Şərqdə onilliklər boyu aparılan müharibələrin bizi hara gətirdiyini gördük… Onların hamısı kütləvi qırğın silahları yalanına əsaslanırdı.”
Virciniyadan olan demokrat senator Tim Keyn də çıxışında D.Trampın bu qərarını dəhşətli bir hökm adlandıraraq deyib: “ABŞ xalqı ölkәnin İrana müharibə elan etməsinə böyük əksəriyyətlə qarşı çıxır.”
Demokratların keçmiş Konqres üzvü və hazırda “VoteVets” adlı proqressiv veteranlar təşkilatının baş məsləhətçisi olan Maks Rouz isə mәsәlә ilә bağlı belә deyib: “D.Trampın Konqresin razılığı olmadan İrana birbaşa hücumlar başlatması qanunsuzdur. Bu münaqişə onun və bütün məsuliyyəti boynundan atan Respublikaçıların münaqişəsidir.”