İyunun 26-da ABŞ dövlət katibi Marko Rubio ilə Pakistanın baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub. ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib ki, tərəflər İsrail və İran arasında davamlı sülhün təmin olunması məsələsini müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin bəyanatında həmçinin deyilir: “İki lider İsrail və İran arasında davamlı sülhü təşviq etmək üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar. Dövlət katibi Marko Rubio bildirib ki, İranın heç vaxt nüvə silahı istehsal etməsinə və ya əldə etməsinə imkan verilməyəcək.”
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində İsrailin iyunun 13-də İrana hücumu nəticəsində başlayan müharibəyə son qoymaq məqsədilə İsraillə İran arasında atəşkəs elan edib.
Donald Tramp ötən həftə Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirlə Ağ Evdə görüşüb. Tərəflər İranla bağlı məslələr ətrafında fikir mübadiləsi aparıblar. Donald Tramp görüş zamanı bildirib ki, Pakistan bu məsələdə digər ölkələrlə müqayisədə daha geniş məlumata malikdir.
Qeyd edək ki, İranın ABŞ-la birbaşa diplomatik münasibətləri olmadığından, bu ölkənin Vaşinqtondakı maraqlarını Pakistan səfirliyinin bir bölməsi təmsil edir.
Pakistan Yaxın Şərqdə sülh səylərinə sadiqliyini ifadə edib
Pakistan hökumətinin yaydığı bəyanatda qeyd olunub ki, telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.
Bəyanatda vurğulanıb ki, Baş nazir Şahbaz Şərif söhbət zamanı İran və İsrail arasında atəşkəsin əldə olunması üçün göstərdiyi cəsarətli və qətiyyətli liderliyə görə prezident Donald Trampa təşəkkürünü bildirib.
Tərəflər Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Şahbaz Şərif Pakistanın bölgədə sülhün bərqərar olması istiqamətində konstruktiv rolunu davam etdirəcəyini qeyd edib.
Bəyanatda həmçinin vurğulanıb ki, dövlət katibi Marko Rubio bu səyləri yüksək qiymətləndirərək, ABŞ-ın regionda sülh və sabitliyin təmin olunması üçün Pakistanla əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
İsrail-İran münaqişəsi regionda mövcud gərginliyi daha da artırıb.
Ötən həftə sonu ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. İran buna cavab olaraq ABŞ-ın Qətərdə yerləşən hərbi bazasını hədəf alıb. Bu qarşılıqlı hücumlardan sonra Tramp İsrail və İran arasında atəşkəs elan edib.
İsrailin Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkə olduğuna inanılır. İsrail İranın öz nüvə silahını inkişaf etdirməsinin qarşısını almağı hədəflədiyini bildirib. İran isə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı olsa da, İsrail həmin müqaviləyə qoşulmayıb.
Pakistan İsrailin və ABŞ-ın İrana qarşı hücumlarını pisləyib. Bununla belə, İslamabad bu ayın əvvəlində dörd günlük Hindistan-Pakistan münaqişəsinin başa çatmasında göstərdiyi rola görə prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü bəyan edib.