Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib ki, rəsmi Bakı ilə İrəvan arasında sülh sazişi Azərbaycanın haqlı tələblərinə cavab verməlidir.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi “X” səhifəsində edilən paylaşımda qeyd olunur ki, görüş Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısı çərçivəsində baş tutub. R.T.Ərdoğan Türkiyənin Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını yaxından izlədiyini bildirib.
Liderlər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər. Prezident R.T.Ərdoğan Türkiyə ilə Azərbaycanın nümayiş etdirdiyi həmrəyliyin nümunəvi olduğunu vurğulayıb.
O, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyinə diqqət çəkib və İran ilə İsrail arasında iyunun 24-də əldə olunmuş atəşkəsi müsbət qiymətləndirib. Ərdoğan həmçinin bildirib ki, bölgədə davamlı sülhün təmin olunması bütün tərəflərin maraqlarına uyğundur.
Qeyd edək ki, rəsmi Bakı və İrəvan İkinci Qarabağ müharibəsindən sonra sülh sazişi üzrə danışıqlara başlayıblar. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində tam suverenliyini bərpa edib.