Rusiya sərvət fondunun rəhbəri Kirill A.Dmitriyev bildirib ki, İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin görüşü "Ən böyük hərbi əsir mübadiləsi" və "İşləyəcək atəşkəs variantları" ilə nəticələnib.
Rusiya-Ukrayna müharibəsini həll etmək üçün daha geniş səylərin bir hissəsi olaraq Türkiyənin ev sahibliyi etdiyi yüksək səviyyəli sülh danışıqlar 16 mayda İstanbulda başa çatdı.
Türkiyənin xarici işlər naziri Hakan Fidan nümayəndə heyətlərinə xitabən etdiyi açılış nitqində deyib: "Biz sülh yolunda irəliləmək üçün bu fürsəti dəyərləndirməliyik. Hər bir gecikmə daha çox insan itkisinə səbəb olur.
Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlar hər iki tərəfdən 1000 əsirin mübadiləsi və yazılı atəşkəs şərtlərinin paylaşılması ilə nəticələndi.
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tədbirdə çıxış edərək ölkənin humanitar diplomatiyanın bayraqdarlarından biri olduğunu və dünyada barışa liderlik etdiyini söyləyib.
Əsas iştirakçılar
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Türkiyədəki səfir Tom Barrak və Ukrayna üzrə xüsusi nümayəndə general Kit Kelloq daxil idi. Ukraynanı Prezident Ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov və xarici işlər naziri Andrey Sibiha təmsil edirdi. Türkiyə nümayəndə heyətində Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da yer alıb.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp tədbirdə olmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İstanbul sülh danışıqlarının formatı və gözləntiləri müzakirə olunub və məqsəd atəşkəsə nail olmaq və uzunmüddətli həll üçün şərait yaratmaqdır. O həm də deyib: “Ukrayna real sülh üçün mümkün olan ən sürətli addımları atmağa hazırdır. Əgər Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən imtina edərsə, əlavə beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Rusiyaya təzyiq davam etdirilməlidir ki, müharibəni bitirməyə hazır olsun”.
Əsir mübadiləsi razılaşması və atəşkəs danışıqları
İstanbulun Dolmabahçe sarayında keçirilən Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən sonra Ukraynanın müdafiə naziri Rüstəm Umerov təsdiqləyib ki, bu müharibə başlayandan bəri ən böyük əsir mübadiləsini həyata keçirmək barədə razılığa gəliblər.
Görüşdə üç əsas məsələyə diqqət yetirilib: atəşkəs, əsir mübadiləsi və prezidentlər arasında potensial görüş.
"Görüş başa çatdı. Biz atəşkəs və əsir mübadiləsini müzakirə etdik. Hazırda 1000 əsirin 1000 əsirlə mübadiləsi barədə razılığa gəldik. Bunlar görüşümüzün nəticələridir," - R.Umerov bildirib və “Mübadilə tarixi müəyyən edildi, lakin hələ açıqlanmırıq” deyə əlavə edib.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin müşaviri Vladimir Medinski də İstanbulda Ukrayna ilə keçirilən sülh danışıqlarının nəticələrindən razı olduqlarını söyləyib: "Biz üç məsələdə razılığa gəldik. Birincisi, yaxın günlərdə 1000 nəfərin 1000 nəfərlə genişmiqyaslı əsir mübadiləsi həyata keçiriləcək. İkincisi, Ukrayna tərəfi dövlət başçıları arasında birbaşa danışıqların keçirilməsini tələb olundu və Rusiya nümayəndə heyəti bu tələbi nəzərə aldı. Üçüncüsü, biz razılaşdıq ki, hər tərəf mümkün gələcək atəşkəsin şəklini təqdim edəcək və bunu ətraflı təsvir edəcək”.
Beynəlxalq reaksiyalar
VI Avropa Siyasi Birliyi (EPC) sammiti mayın 16-da Tiranada 47 Avropa ölkəsi başçısının iştirakı ilə açıldı. Tədbir zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını bildirdilər. U.Leyen dedi ki, “Sanksiyalar təkcə cəza xarakteri daşımır, həm də Rusiyanı danışıqlar masasına gətirmək üçün daha geniş strategiyanın bir hissəsidir. Biz Putini danışıqlar masasına oturtmaq üçün daha çox iş görməyə hazırıq. Bu müharibə bitməlidir. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik."
Almaniyanın kansleri Fridrix Mers İstanbul görüşünü "müsbət siqnal" adlandırıb və deyib: "Son günlər bu müharibəni bitirmək üçün kifayət qədər diplomatik səylər göstərmədiyimizi kim deyə bilər? İştirak etməyən şəxs Putindir. Atəşkəs üçün bütün şərtlər mövcud idi. Biz daha diplomatik səylər göstərməliyik.
"Düşünürəm ki, Putin danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərməklə səhv etdi," - deyə NATO baş katibi Mark Rutte bildirib.
BMT də İstanbulda keçirilən və iki ölkə arasında sülh səylərini irəlilətməyi planlaşdıran Rusiya-Ukrayna danışıqlarını alqışlayıb, Türkiyə və ABŞ-ın əhəmiyyətli rolunu qeyd edib.