Kreml ABŞ və Rusiya arasında növbəti görüşün bazar günü və ya gələn həftənin əvvəlində baş tuta biləcəyini açıqlayıb. Vaşinqtonun gələn həftə Kiyevlə danışıqlar aparmağı planlaşdırdığı bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı deyib: "Bu, bazar günü olmaya bilər. Təfərrüatlar razılaşdırılır. Danışıqlar gələn həftənin əvvəli, hətta ilk günündə də keçirilə bilər".
Sözçü həmçinin, Avropa ölkələrinin sülhün əldə olunmasını təmin etmək əvəzinə özlərini hərbiləşdirməyi planlaşdırdıqlarını qeyd edib. Bu bəyanat, hərbi liderlərin Ukraynanın müdafiəsini müzakirə etmək üçün Böyük Britaniyaya toplaşdığı zaman verilib.
"Brüsseldən və Avropa paytaxtlarından gələn siqnalların əksəriyyəti Avropanın hərbiləşdirilməsi planları ilə bağlıdır", - deyə Dmitri Peskov bildirib.
Avropa Ukraynanın müdafiəsinə dəstək verəcəyini vurğulayıb
Avropa İttifaqı liderlərinin sammitinə gedən Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa Vaşinqton və Moskva arasında danışıqlardan asılı olmayaraq, Ukraynanı güclü şəkildə dəstəkləməyə davam etməlidir. Avropa beləliklə Kiyevin güclü mövqedə olmasını təmin etməlidir.
"Bu, Ukraynanın müstəqilliyini və suverenliyini müdafiə edə bilməsi, öz yolunu müəyyən edə bilməsi, öz liderlərini seçə bilməsi və təbii ki, sülh dövründə güclü orduya sahib olması üçün vacibdir", - deyə Olaf Şolts qeyd edib.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaja Kallas bildirib ki, Ukraynaya dəstək ölkənin ehtiyac duyduğu sursat şəklində göstərilməlidir.
"Liderlərin bəyanatlarına qulaq assanız, onlar dəstəklərini ifadə edirlər. Ona görə də mən həqiqətən ümid edirəm ki, biz bunu irəli aparacağıq", - deyə Kaja Kallas qeyd edib.