2026-cı ilin mayında keçiriləcək seçkilərdə prezidentliyə mümkün namizəd hesab edilən kolumbiyalı senator Migel Uribe 7 iyunda Boqotada seçki mitinqində çıxışı zamanı hücuma məruz qalıb. Bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Agentlik hadisə yerindən çəkilmiş fotoşəkillərə əsasən, Uribenin başından vurulduğunu qiymətləndirib.
Hücumçu senatorun mühafizəçisi tərəfindən yaralanıb və saxlanılıb. Onun hərəkətlərinin motivləri barədə hələ heç bir məlumat yoxdur. Saxlanma faktını sosial şəbəkələrdə Boqota meri Karlos Qalan təsdiqləyib.
Uribenin sağçı Demokratik Mərkəz partiyası bəyanat yayaraq hadisəni “qəbuledilməz zorakılıq aktı” adlandırıb.
Senatorun səhhəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur, lakin Kolumbiya mediası onun vəziyyətinin ağır olduğunu yazır.
ABŞ kolumbiyalı senator Migel Uribeyə qarşı sui-qəsd cəhdini ən kəskin şəkildə pisləyib. Bu barədə Dövlət katibi Marko Rubionun bəyanatında deyilir. O, hadisəni demokratiyaya qarşı birbaşa təhdid kimi dəyərləndirib və bunun Kolumbiya hökumətinin ən yüksək səviyyələrindən gələn zorakı solçu ritorikanın nəticəsi olduğunu qeyd edib: “Kolumbiyanın təhlükəsizlik və demokratiyanı möhkəmləndirmək üçün son bir neçə onillikdə irəliləyişini öz gözləri ilə görənlər siyasi zorakılığın qaranlıq günlərinin geri qayıtmasına imkan verməməlidir. Prezident Petro qızışdırıcı ritorikadan əl çəkməli və Kolumbiya rəsmilərini müdafiə etməlidir. Hücuma görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidir”.