İsrail ordusu martın 13-ü səhər saatlarında Qəzzanın cənubundakı Xan Yunis xəstəxanasında müalicə alan fələstinli jurnalisti öldürdü.
Qəzzada yerləşən Hökumət Media Ofisinin təsdiqinə görə, jurnalist Həsən Əslayə İsrailin Nasser Tibb Kompleksinə hava hücumu zamanı həyatını itirib.
Qəzzada yerləşən “Alam24” xəbər agentliyinin rəhbəri olan Əslayə aprelin 7-də İsrailin hücumu nəticəsində aldığı yaralara görə xəstəxanada müalicə olunurdu, bu barədə Qəzza Mülki Müdafiə sözçüsü Mahmud Bassal AFP-yə bildirib.
İsrail ordusu həmin hücumda onu hədəf aldığını iddia edib və onun jurnalist adı altında Həmas üçün fəaliyyət göstərdiyini irəli sürüb. Lakin Həsən Əslayə bu fikirləri qətiyyətlə rədd edib. Bu, birinci dəfə deyil ki, İsrail fələstinli mülki cəmiyyət nümayəndələrini — jurnalistləri, tibb işçilərini Həmas və ya Qəzzadakı digər silahlı qrupların üzvü kimi göstərməyə çalışır.
Apreldə İsrail “Al Jazeera”nin müxbiri və “Drop Site News” yazarı Hossam Şabatı Həmas üzvü olduğunu iddia edərək öldürüb. Bundan az sonra İsrail ordusu Rəfahda 15 tibb işçisi və xilasedicinin həyatına son qoyub, onların altısının Həmas döyüşçüsü olduğunu iddia edib.
“TRT Arabi” jurnalisti Sami Şəhadə isə Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində reportaj hazırlayarkən İsrailin atəşinə məruz qalıb və nəticədə ayağını itirib.
“Mondoweiss”də dərc olunan bir məqalədə Həsən Əslayənin həmkarı və dostu Tareq S.Həccac onun heç bir siyasi partiyaya aid olmadığını bildirib: “İsrail ordusu məni 2024-cü il oktyabrın 7-də Xan Yunisdə döyüşməkdə ittiham etdi, amma mən həmin vaxt Rəfahda hadisələri işıqlandırırdım. Mən də heç bir partiyanın üzvü deyiləm. Qəzzada yalnız dünyaya məlum olan jurnalist fəaliyyətimlə məşğulam.”
İsrail qəzetləri ordunun Həsən Əslayənə qarşı qaralama kampaniyasına başlayıb. Bir neçə media orqanı onun 2023-cü il oktyabrın 7-dəki hadisələri sənədləşdirən foto və video görüntülərini, həmçinin Əslayənin keçmiş Həmas başçısı Yahya Sinvar ilə çəkilmiş bir fotosunu yayımlayıblar.
Sözügedən mövzu ilə bağlı Həsənin dostu Tareq S.Həccac belə deyib: “Əslayənin Sinvar ilə çəkilmiş fotosu bir tədbir zaman çəkilib. Qəzzada hər hansı bir fələstinli liderlə şəkil çəkdirmək adi bir haldır və hər kəsin edə biləcəyi bir şeydir. İsrailin bu cür iddiaları əsassızdır.”
Həsən Əslayə Qəzzada ön cəbhə reportajları ilə tanınan məşhur bir jurnalist idi. O, İsrail hərbi əməliyyatlarının Qəzzadakı mülki şəxslərə təsirini sənədləşdirən foto və videolar paylaşırdı. Onun “Twitter” və “İnstagram”da paylaşdıqları humanitar böhran, infrastrukturun məhvi və mülki itkilərlə bağlı idi.
Əslayənin “Telegram”, “X”, “Facebook” və “İnstagram” da daxil olmaqla müxtəlif platformalarda bir milyondan çox izləyicisi var idi.
“İnstagram” Qəzzada İsrailin davam edən soyqırımı zamanı Həsən Əslayənin əsas hesabını bloklayıb və o, ehtiyat hesabdan istifadə etməyə məcbur qalıb.
Mayın 12-də İsrail ordusu Həmasın ABŞ administrasiyası ilə razılaşması əsasında israilli-amerikalı əsgər Edan Aleksandrı azad etdikdən sonra Qəzzaya hücumlarını davam etdirib.
Jurnalistləri Müdafiə Komitəsi Həsən Əslayəni ölümünə bais olan hücumu qınayıb.
Həsən deyirdi: “Məni yenidən öldürmək çətin olmaz. Mən qələmimlə döyüşdüm, işlədim və məsuliyyət daşıdım. İsrail ordusu məni öldürsə belə, çəkdiyim foto və videolar, dünyaya danışdığım hadisələr qalacaq. Adım və səsim yaşayacaq.”