BMT Hindistan və Pakistan arasındakı gərginliyin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Kəşmirin Hindistan tərəfindən idarə olunan hissəsində 26 nəfərin ölümü ilə nəticələnən sarsıdıcı hücumdan sonra Hindistan və Pakistanı "son dərəcə ehtiyatlı" olmağa çağırıb.
BMT-nin sözçüsü Stefan Dujarrik aprelin 24-də bildirib ki, Baş katib Antonio Quterres son 24 saat ərzində bu ölkələrin hökumətlərilə birbaşa əlaqə saxlamayıb, lakin vəziyyəti "çox yaxından və ciddi narahatlıqla" izləyir.
Dujarrik "Aprelin 22-də Cammu və Kəşmirdə baş verən və çoxlu sayda mülki insanın həyatını itirməsinə səbəb olan terror hücumunu birmənalı şəkildə pisləyirik" deyib və hər iki hökuməti "həddindən artıq təmkin nümayiş etdirməyə və hadisələrin daha da pisləşməməsini təmin etməyə" çağırıb.
“Biz inanırıq ki, Pakistan və Hindistan arasında istənilən məsələ mənalı və qarşılıqlı dialoq vasitəsilə sülh yolu ilə həll oluna bilər və edilməlidir”, - Dujarrik əlavə edib.
26 nəfərin ölümü ilə nəticələnən hücum Hindistanda şok və qəzəb doğuraraq, ölkənin əzəli düşməni kimi gördüyü Pakistana qarşı hərəkətə keçmə çağırışlarını artırıb. Bölgəyə 500 mindən çox hərbçi yerləşdirən Hindistan hücumun Pakistanla "transsərhəd" əlaqəsi olduğunu iddia etsə də, bu iddianı dəstəkləmək üçün heç bir sübut təqdim etməyib.
Pakistan hücumla hər hansı əlaqəni təkzib edib. Hindistanın hakim BJP partiyasına yaxın media mənbələrinə görə, hücuma görə məsuliyyəti şübhəli bir qrup Müqavimət Cəbhəsi öz üzərinə götürüb, lakin bu iddia təsdiqlənməyib.
ABŞ "yaxından izləyir"
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus prezident Donald Trampın Hindistanın yanında olduğunu və bütün terror aktlarını pislədiyini təkrarlayıb.
"Prezident Tramp və dövlət katibi Rubio bu məsələdə açıq şəkildə danışdılar. Birləşmiş Ştatlar Hindistanın yanındadır və bütün terror aktlarını qətiyyətlə pisləyir. Biz həyatını itirənlər üçün dua edir, yaralıların sağalmasına ümid edirik. Bu dəhşətli aktın səbəbkarlarını ədalət qarşısında cavab verməyə çağırırıq", -deyə Bryus deyib.
Bryus ABŞ-ın Pakistan və Hindistan arasında gərginliyi azaltmaq üçün diplomatik vasitələrdən istifadə edib-etmədiyi sualına cavabən deyib: "Bu, sürətlə dəyişən bir vəziyyətdir və təsəvvür etdiyiniz kimi, biz onu yaxından izləyirik. Və əlbəttə ki, hazırda Kəşmir və ya Cammunun statusu ilə bağlı mövqe tutmuruq. Bu gün deyə biləcəyim tək şey budur".
Pakistanda etirazlar
Yüzlərlə Pakistan vətəndaşı Hindistanın təhdidlərinə qəzəblərini nümayiş etdirmək üçün aprelin 24-də Pakistanın hər yerində, o cümlədən Kəşmirin Pakistan tərəfindən idarə olunan hissəsində keçirilən etiraz aksiyalarında iştirak edib.
Pakistanlı iş adamı Ajmal Baloch AFP xəbər agentliyinə Lahorda dini partiyanın təşkil etdiyi və təxminən 700 nəfərin qatıldığı etiraz aksiyasında deyib: "Hindistan müharibəyə getmək istəyirsə, bunu açıq şəkildə deməlidir".
Hindistan iki qonşu arasında su mübadiləsini tənzimləyən İndus Su Müqaviləsini dayandıracağını bildirib, lakin çayın Pakistana axınını tam məhdudlaşdıra bilmir.
25 yaşlı Pakistan vətəndaşı Mohammed Ovais "Su bizim haqqımızdır və Allah qoysa, müharibə yolu ilə də olsa, onu geri alacağıq. Biz geri çəkilməyəcəyik" deyib.