Prezident Donald Tramp bildirib ki, ABŞ gələn həftə İranla nüvə proqramı ilə bağlı danışıqlar aparacaq. Bu açıqlama İsraillə 12 günlük münaqişədən sonra gəlib.
İyunun 25-də jurnalistlərə müsahibəsində Tramp deyib: “ABŞ-ın son hava hücumları İranın nüvə imkanlarını tamamilə məhv etdi və onun nüvə proqramını on illər boyu geri atdı. Həftə başı elan etdiyimiz atəşkəs çox yaxşı davam edir”.
ABŞ İsraili dəstəkləmək üçün münaqişəyə qoşularaq İranda üç nüvə obyektini hədəf almışdı. İki obyekt bunker dağıdan bombalar, üçüncüsü isə ABŞ sualtı qayığından atılan, idarə olunan raketlə vurulub.
D.Tramp: "Onlar uzun müddət bomba hazırlaya bilməyəcəklər", - deyib və əlavə edib ki, İranla danışıqlar gələn həftə gözlənilir. Və əlavə edib: "Biz razılaşma imzalayacağıqmı, bilmirəm."
İran prezidenti Məsud Pezeşkian hökumətinin danışıqlara açıq olduğunu, lakin nüvə enerjisini dinc məqsədlər üçün inkişaf etdirmək hüququnu qanuni şəkildə müdafiə edəcəyini söyləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bəzi nüvə obyektlərinin ciddi zərərə uğradığını bildirib. Lakin ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesabatına görə, Amerikanın hücumları İranın sentrifuqalarını və zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyib. Sadəcə bəzi obyektlərin girişləri bağlanıb, yeraltı strukturlar isə qalır.
ABŞ hökuməti İranın uranı köçürdüyü iddialarına qarşı çıxır. Ağ Ev İranın zənginləşdirilmiş uranı ABŞ hava hücumlarından əvvəl köçürdüyü barədə məlumatları rədd edib.
Bir sıra ABŞ mətbuat orqanı hücumlardan əvvəl təxminən 400 kiloqram zənginləşdirilmiş uranın İranın başqa yerlərində gizlədilə biləcəyinə dair narahatlıqlardan yazmışdı. Uranın miqdarı BMT-nin nüvə nəzarətçisi olan Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) tərəfindən bildirilmişdi.
İran hal-hazırda İsrail və ABŞ-ın nüvə obyektlərinə hücumlarından sonra bu agentliklə əməkdaşlığı dayandırmağı nəzərdən keçirir.
İAEA başçısı Rafael Qrossi “France 2” televiziyasına verdiyi açıqlamada deyib: "Savaş başlayar-başlamaz uran üzərində nəzarət detdi. İtdimi, gizlədildimi, demək istəmirəm."
Xatırladaq ki, İran və İsrail arasında 12 günlük münaqişə indiyə qədər iki tərəf arasında ən şiddətli qarşıdurma sayılır. İsrail nüvə və hərbi obyektləri, eləcə də mülki əraziləri vurub, yüzlərlə adam, o cümlədən alim və yüksək rütbəli hərbi rəsmilər ölüb. İran Səhiyyə Nazirliyinə görə, ən azı 627 nəfər həlak olub ki, onların əksəriyyəti mülki şəxslərdir.
İranın raket və dron hücumları İsraildə 28 nəfərin ölümünə səbəb olub, onlarla bina məhv edilib və Təl-Əvivə milyardlarla zərər vurub.