SİYASƏT
2 dəqiqə oxuma
“Sizə böyük elanım var”, D.Tramp
Bu addım Donald Trampın Ağ Evə qayıdışından sonra tətbiq etdiyi aqressiv ticarət siyasətlərinin hələlik sonuncusudur
“Sizə böyük elanım var”, D.Tramp
Trump tells steelworkers in attendance there was "a lot of money coming your way." / Reuters
31 may 2025 г.

ABŞ prezidenti Donald Tramp administrasiyasının idxal olunan polad və alüminiuma tətbiq olunan tarifləri iki dəfə artıraraq 25-dən 50 faizə qaldıracağını elan edib. O, bunu “yerli sənayeləri qorumaq üçün mühüm bir addım” adlandırıb.

  “Bu gün böyük bir elanım var,” – deyə Tramp mayın 30-da Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən ABŞ Polad zavodunda keçirilən tədbirdə işçilərə xitabən bildirib. O deyib: “Biz tarifləri 25-dən 50 faizə qaldıracağıq. Bu, ABŞ-da polad sənayesini daha da gücləndirəcək. Heç kim buna qarşı çıxa bilməyəcək.”

  D.Tramp artımın xarici rəqiblərin əvvəlki tariflərdən yayınmaq üçün istifadə etdikləri boşluqları bağlayacağını bildirib: “25 faizlə onlar bu maneəni aşa bilirdilər. 50 faizlə isə artıq bu mümkün deyil”.

  Çıxışdan qısa müddət sonra “Truth Social” platformasında paylaşım edən ABŞ prezidenti yeni 50 faiz tarifinin alüminium idxalına da şamil ediləcəyini və bunun 4 iyundan qüvvəyə minəcəyini yazıb.

  Bu addım Donald Trampın Ağ Evə qayıdışından sonra tətbiq etdiyi aqressiv ticarət siyasətlərinin hələlik sonuncusudur. O, həm müttəfiqlərə, həm də rəqiblərə təsir edən geniş tariflər tətbiq edərək Amerika istehsalını yenidən qurmaq və xarici mallara olan asılılığı azaltmaq vədini yerinə yetirməyə çalışır.

“Nippon Steel” ilə razılaşmaya tərif

  Mon Valley Vöksdəki (Mon Valley Works) İrvin zavodunda çıxış edən Tramp ABŞ-ın polad və Yaponiyanın “Nippon Steel” şirkətləri arasında təklif olunan tərəfdaşlığı “böyük razılaşma” adlandıraraq tərifləyib, lakin ayrıntılara keçməyib. O, işçiləri əmin edib: “ABŞ polad zavodu Amerikanın nəzarətində qalacaq. Zavod xaricə köçürülməyəcək, heç kim iş yerini itirməyəcək”.

  Plana əsasən polad istehsalını genişləndirmək üçün 2,2 milyard dollar, zavodları modernləşdirmək, filiz mədənçiliyini genişləndirmək, İndiana, Minnesota, Alabama və Arkanzasdakı yeni obyektlərə əlavə 7 milyard dollar sərmayə yatıracaq.

  ABŞ polad zavodu işçilərini təmsil edən “United Steelworkers” (USW) həmkarlar ittifaqı bildirib ki, onlarla məsləhətləşilməyib. USW-nin sədri Devid MakKoll (David McCall) bildirib: “Razılaşmanın strukturu necə olursa olsun, əsas narahatlığımız ABŞ polad zavodunun xarici rəqibə birləşdirilməsinin milli təhlükəsizliyə, üzvlərimizə, yaşadığımız və işlədiyimiz icmalara təsirilə bağlıdır.”

Trampın aqressiv tarif siyasəti

  2025-ci ilin yanvar ayından - ABŞ prezidentliyinə qayıtdıqdan sonra Donald Tramp aqressiv tarif siyasəti həyata keçirərək həm müttəfiqlərə, həm də rəqiblərə qarşı geniş miqyaslı rüsumlar tətbiq edib. Lakin bu addımlar qlobal ticarət və maliyyə bazarlarında dəyişkənliyə səbəb olub və diplomatik əlaqələri gərginləşdirib. Xüsusilə, tariflərin artırılması rəsmi Vaşinqton və Pekin arasında münasibətləri daha da gərginləşdirib və dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini yenidən alovlandırıb.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us