İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Sinjil qəsəbəsinin şərq hissəsi beş metr hündürlüyündə metal hasarla tamamilə əhatəyə alınıb. Ağır dəmirdən hazırlanmış darvazalar və digər maneələr qəsəbəyə giriş-çıxışı tamamilə bağlayır.
Qəsəbə sakini, 52 yaşlı Musa Şabaneh bildirib ki, Sinjil nəhəng bir həbsxanaya çevrilib.
İsrail qüvvələri tərəfindən inşa edilən divarlar və nəzarət məntəqələri uzun illərdir işğal altındakı İordan çayının qərb sahilində yaşayan üç milyona yaxın fələstinlinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Lakin bir çox fələstinli bildirir ki, Qəzzada müharibə başlayandan sonra bu cür maneələrin sayı xeyli artıb və artıq qəsəbə və kəndlər faktiki olaraq daimi mühasirə vəziyyətindədir.
Sinjilin ətrafına çəkilən hasar bölgədə bu cür nəzarət və məhdudiyyətlərin nə dərəcədə geniş yayıldığını göstərən bariz nümunələrdən biridir. İsrail tərəfi isə qeyd edir ki, həmin hasar yaxınlıqdan keçən Ramallah–Nablus magistral yolunun təhlükəsizliyini təmin etmək məqsədilə inşa edilib.
Sinjildə yaşayan sakinlər icazə verilən yeganə giriş nöqtəsinə çatmaq üçün dar və dolama küçələrdən keçməyə və ya avtomobillə hərəkət etməyə məcbur qalırlar. Bəziləri nəqliyyat vasitələrinə çatmaq üçün yolayrıclarını keçməli olurlar.
Qəsəbənin bələdiyyə sədrinin müavini Bahaa Foqaa bildirib ki, əvvəllər ətraf bölgələrdən dolanışığını təmin edən sakinlər indi bu imkanlardan faktiki olaraq məhrum ediliblər.
Onun sözlərinə görə, tikilmiş nəhəng hasar təxminən 8000 nəfəri cəmi 10 hektar əraziyə sıxışdırıb və onları ümumilikdə 2000 hektarlıq şəxsi torpaq sahələrindən ayırıb.
Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilində və digər ərazilərdə 700 minə yaxın israilli məskunlaşdırıb.
Beynəlxalq ictimaiyyətin əksəriyyəti bu məskunlaşmaları Cenevrə Konvensiyalarının pozulması kimi qiymətləndirir.
İsrail 2023-cü ilin oktyabrından sonra işğal altındakı İordan çayının qərb sahilində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. Qısa müddət ərzində yollara torpaq təpələri və iri qaya parçaları düzülüb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Daha sonra Fələstin yaşayış məntəqələrinin girişlərinə sarı və narıncı rəngə boyanmış ağır metal qapılar quraşdırılıb və bu qapılar hərbçilər tərəfindən kilidlənib.
Sinjil sakini, 52 yaşlı Sana Alvan bildirib ki, əvvəllər Ramallaha avtomobillə qısa müddətdə gedə bildiyi halda, indi bu səfər hər iki istiqamətdə üç saata qədər vaxt aparır. Onun sözlərinə görə, səhər saatlarında keçid məntəqələrində nə qədər gözləyəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil.
Bu ilin əvvəlində İsrailin şimaldakı Cenin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar İordan çayının qərb sahilində on minlərlə fələstinlinin evlərini tərk etməsinə səbəb olub.
İşğal altındakı ərazidə məhdud özünüidarəyə malik olan Fələstin Muxtariyyətinin rəsmiləri bu vəziyyəti həm iqtisadiyyata, həm də gündəlik həyata qəsdən vurulan zərbə kimi qiymətləndirirlər.
Fələstinin Baş naziri Məhəmməd Mustafa ötən ay jurnalistlərə verdiyi açıqlamada deyib:
“Onlar xalqımızın həyatını mümkün qədər çətinləşdirmək üçün əllərindən gələni edirlər”.