“Rusiya ilə ABŞ arasında qalan son nüvə müqaviləsinin xilas edilməsi ehtimalının az olduğunu düşünür. Saziş 8 aya bitəcək”. Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov iyunun 6-da bildirib.
S.Ryabkov TASS xəbər agentliyinə verdiyi açıqlamada deyib: “ABŞ prezidenti Donald Trampın təklif etdiyi "Qızıl günbəz" raketdən müdafiə layihəsi dərin destabilizasiya yaradan bir faktordur, silah nəzarəti sahəsində yeni, ciddi maneələr yaradır”.
Onun bu açıqlamaları Rusiyanın ABŞ ilə son nüvə silahları müqaviləsi olan “Yeni start” razılaşmasının gələcəyi ilə bağlı ən pessimist fikirlərindən biri kimi qiymətləndirilir. Bu müqavilə hər iki tərəfin yerləşdirə biləcəyi strateji döyüş başlıqlarının sayını məhdudlaşdırır.
2023-cü ildə Rusiya prezidenti Vladimir Putin “Yeni start”da ölkəsinin iştirakını dayandırmışdı və bunu ABŞ-ın Ukraynaya dəstəyi ilə əsaslandırmışdı. Bununla belə, Rusiyanın müqavilənin döyüş başlıqları, raketlər və ağır bombardman təyyarələri ilə bağlı məhdudiyyətlərinə əməl edəcəyini bildirmişdi. Lakin müqavilə gələn 2026-cı ilin 5 fevralında uzadılmasa və ya əvəzlənməsə yeni silahlanma yarışı alovlana bilər. Bu, Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq gərginliyin artdığı bir dövrə düşür. Həm Putin, həm də Tramp bu münaqişənin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyindən də narahatdır. Amerika Elmlər Federasiyasının bildirdiyinə görə, Rusiya müqavilə məhdudiyyətlərini tərk etməyə qərar verərsə, əlavə yüzlərlə döyüş başlığı yerləşdirməklə nüvə arsenalını 60 %-ə qədər artırma potensialına malikdir.
Sergey Ryabkov Rusiya-ABŞ münasibətlərini "tamamilə dağıdılmış" kimi təsvir edib: “Hazırkı şəraitdə “Yeni start”ın tam miqyaslı bərpası üçün heç bir əsas yoxdur. Və müqavilənin təxminən 8 ay sonra bitəcəyini nəzərə alsaq, belə bir ssenarinin reallığı haqqında danışmaq getdikcə mənasını itirir.
Əlbəttə ki, “Qızıl günbəz” kimi ABŞ bir neçə belə proqram həyata keçirir. Nüvə raket silahlarının nəzarəti sahəsində hər hansı potensial təşəbbüslərin konstruktiv şəkildə nəzərdən keçirilməsinə əlavə, bu, çətin aradan qaldırılan maneələr yaradır."
Donald Tramp may ayında 175 milyard dollarlıq "Qızıl günbəz" layihəsi üçün bir dizayn seçdiyini açıqlamışdı. Bu layihə Çin və Rusiyadan gələn təhdidləri bloklamaq məqsədilə, yüzlərlə peykdən ibarət bir şəbəkə yaradaraq gələn raketləri aşkar etmək, izləmək və potensial olaraq qarşısını almaq üçün nəzərdə tutulub.
Analitiklər bu təşəbbüsün kosmosun hərbiləşdirilməsini kəskin şəkildə artıracağını və digər ölkələri oxşar sistemlər yerləşdirməyə və ya raketdən müdafiə qalxanını aşmaq üçün daha inkişaf etmiş silahlar hazırlamağa təşviq edə biləcəyini deyir.