Nigeriyanın şimalında üç ordu bazasına silahlı adamların hücumu nəticəsində ən azı 17 əsgər həlak olub. Bu, zorakılıqla məşhur bölgədə baş verən hələlik sonuncu hücumdur.
Ölkənin Şimal-qərbində fəaliyyət göstərən silahlı dəstələr - "banditlər" adlandırılan bu qruplar fidyə üçün adam oğurluğu ilə məşğul olur və təhlükəsizlik qüvvələrini hədəf alır.
"Təəssüf ki, bəzi igid döyüşçülər gün boyu davam edən döyüşlərdə həyatlarını itirdilər, dörd yaralı əsgərimiz isə hazırda güllə yaralarına görə müalicə alır”, - deyə ordu bəyanatında bildirib.
Silahlılar Nigerin Kvanar Dutse Mariqa və Boka bölgələrindəki ordunun əməliyyat bazalarına və qonşu Kaduna rayonundakı başqa bazaya qəfil hücum edərək saatlarla əsgərlərlə döyüşüblər.
Nigeriyada artan təhlükəsizlik problemləri
Mariqa bölgə rəhbəri Abbas Kasuvar Qarba bildirib ki, təkcə Kvanar Dutse Mariqa bazasında 17 ölüm hadisəsi baş verib.
"Bu, pusqu idi. Onlar birdən-birə ağır silahlarla hücum etdilər", - Niger əyalətindəki bir ordu zabiti deyib.
Nigeriya ordusu əks-hücumlar təşkil edərək bir neçə silahlını öldürdüyünü bildirib.
Təhlükəsizlik problemləri Nigeriyanın ordusunu çətin vəziyyətə salıb, çünki onlar həm silahlı dəstələrlə, həm də şimal-şərqdə Boko Haram və DAEŞ terror şəbəkəsi ilə əlaqəli qruplarla mübarizə aparırlar.