SİYASƏT
3 dəqiqə oxuma
''Həmas'' Stiv Vitkofun atəşkəslə bağlı təklifini nəzərdən keçirir
Vitkoffun təklifi tərəflər arası əsir mübadiləsini və həlak olan şəxslərin cəsədlərinin təhvil verilməsini nəzərdə tutur
''Həmas'' Stiv Vitkofun atəşkəslə bağlı təklifini nəzərdən keçirir
/ AP
30 may 2025 г.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkofun vasitəçiliyi və prezident Donald Trampın təsdiqi ilə Qəzza üçün hazırlanan yeni atəşkəs təklifi İsrail tərəfindən qəbul olunub. Hazırda təklif Fələstin müqavimət hərəkatı ‘‘Həmas’’ tərəfindən nəzərdən keçirilir.

“Times of Israel” və “Drop Site News” tərəfindən geniş şəkildə yayımlanan plana əsasən, 60 günlük atəşkəs müddətində ‘‘Həmas’’ tərəfindən 10 israilli girov və 18 nəfərin cəsədi qaytarılacaq.

Bunun müqabilində İsrail də ömürlük həbslə cəzalandırılmış 125 fələstinli məhbusu, İsrail tərəfindən Qəzzadan zorla aparılmış 1.111 fələstinlini və 180 fələstinlinin nəşini təhvil verəcək.

Plan həmçinin Birləşmiş Millətlər Təşkilatı və Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qəzzaya dərhal humanitar yardım çatdırılmasını da nəzərdə tutur.

Atəşkəs təklifinin əsas maddələri:

1.     60 günlük atəşkəs:

Atəşkəs hər iki tərəfin razılığı ilə qüvvəyə minəcək və prezident Donald Tramp bu müddətdə İsrailin atəşkəsə riayət edəcəyinə şəxsən zəmanət verəcək.

2.     Girovların iki mərhələdə azad olunması:

10 israilli girov və “58 nəfərlik siyahı”da yer alan 18 nəfərin cəsədi iki mərhələdə təhvil veriləcək: yarısı birinci gün (5 nəfər diri, 9 nəfər ölü), qalanı isə yeddinci gün.

3.     Humanitar yardımın təmin olunması:

Qəzzaya BMT və Qızıl Xaç Komitəsi kimi razılaşdırılmış qurumlar vasitəsilə dərhal həyati əhəmiyyət daşıyan yardımlar çatdırılacaq. Bu tədbirlər atəşkəs dövründə davam edəcək.

4.     İsrailin hərbi əməliyyatlarının dayandırılması:

Razılaşma qüvvəyə mindikdən sonra İsrail hücumlarını dayandıracaq. Qəzza üzərindəki hava müşahidələri və hərbi uçuşlar gündəlik 10 saat, əsir mübadiləsi günlərində isə 12 saat müddətinə dayandırılacaq.

5.     İsrail ordusunun yenidən yerləşdirilməsi:

Hərbi qüvvələrin hərəkəti birinci gündən başlayacaq (Qəzzanın şimalı və Netsarim dəhlizi) və yeddinci gün (Qəzzanın cənubu) davam etdiriləcək. Texniki heyətlər danışıqlarızamanı yenidən yerləşdirilmə sərhədlərini dəqiqləşdirəcəklər.

6.     Daimi atəşkəs üçün danışıqlar:

ABŞ, Misir və Qətərin vasitəsilə rəsmi danışıqlar atəşkəsin birinci günü başlayacaq. Gündəmdə bir sonraki gün üçün sonuncu girov mübadiləsi, İsrail ordusunun geri çəkilməsi və Qəzzanın gələcək idarəçiliyinə dair razılaşmalar yer alır.

7.     Prezident zəmanəti:

Prezident D. Tramp administrasiyası bu prosesi tam dəstəkləyəcəyini bildirir və uğurlu müvəqqəti atəşkəsin davamlı sülhə yol açmalı olduğunu vurğulayıb.

8.     Məhbusların azad olunma şərtləri:

10 girov müqabilində İsrail ömürlük həbslə cəzalandırılmış 125 fələstinlini və 2023-cü ilin 7 oktyabrından sonra əsir götürülmüş 1.111 fələstinlini azad edəcək. Ölən 18 əsir müqabilində 180 fələstinlinin nəşi qaytarılacaq.

9.     Qarşılıqlı şəffaflıq:

10-cu günədək ‘‘Həmas’’ bütün qalan girovlar haqqında həyat və ya ölüm sübutu təqdim edəcək. İsrail isə 2023-cü ilin 7 oktyabr tarixindən bəri Qəzzada saxlanılan və həlak olmuş şəxslərə dair bütün məlumatları açıqlayacaq. ‘‘Həmas’’ atəşkəs dövründə girovların təhlükəsizliyini və rifahını təmin edəcək.

10.  Qalan girovların azad olunması:

Əgər 60-cı günədək davamlı atəşkəs sazişi əldə olunarsa, “58 nəfərlik siyahı”da qalan bütün girovlar azad ediləcək. Əgər danışıqlar xoşməramlı şəkildə davam etsə, lakin proses başa çatmazsa, atəşkəs qarşılıqlı razılaşdırılmış şərtlərlə uzadıla bilər.

11.  Vasitəçilik zəmanətləri:

ABŞ, Qətər və Misir atəşkəsə və geniş danışıqlar prosesinə zəmanət verəcək, hər iki tərəfi ciddi və məcburi bir həll üçün səylər göstərməyə təşviq edəcək.

12.  Xüsusi nümayəndənin nəzarəti:

S. Vitkof danışıqlara rəhbərlik etmək və razılaşma şərtlərinin yekunlaşdırılmasına kömək etmək məqsədilə regiona səfər edəcək.

13.  Prezidentin bəyanatı:

Prezident D. Tramp atəşkəs razılaşmasını şəxsən elan edəcək və son həll yolu tapılana qədər danışıqlar prosesini dəstəkləməyə davam edəcək.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us