BRICS ölkələrinin xarici işlər nazirləri Ukrayna və Qəzza böhranları, eləcə də ticarət müharibələrinin kölgəsində Rio-de-Janeyroda görüşüblər. Braziliya daha güclü əməkdaşlığa çağırıb, Çin və Rusiya isə Vaşinqtonun siyasətini sərt tənqid edib.
Dünya Ukrayna və Qəzzadakı münaqişələr ilə ABŞ prezidenti Donald Trampın dövründə baş verən ticarət müharibələrinin kölgəsində qalarkən Rusiya və Çinin də daxil olduğu 11 üzvdən ibarət BRICS qrupuna sədrlik edən Braziliya daha güclü əməkdaşlığa çağırıb.
Təşkilata üzv ölkələrin xarici işlər nazirləri aprelin 28-də Rio-de-Janeyroda görüşüblər. Danışıqlar Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə üç günlük atəşkəs əmri verdiyi vaxta təsadüf edib və Ukrayna prezidenti Volodimir Zelenski bunu “yeni manipulyasiya cəhdi” kimi qiymətləndirib.
Braziliyanın xarici işlər naziri Mauro Vieira Rioda BRICS nümayəndələrinə deyib: “Biz qarşıdurma əvəzinə diplomatiya, birtərəfli qərar qəbul etmək əvəzinə əməkdaşlıq tərəfdarıyıq”.
Digər tərəfdən, Vieira Ukraynada münaqişənin yaratdığı humanitar böhranın davam etdiyini bildirərək, vəziyyətin "diplomatik həllin aktuallığını" artırdığını vurğulayıb.
Təşkilatın digər üzvləri, o cümlədən Misir, Efiopiya, Hindistan, İndoneziya, İran, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirlikləri iyulun 6-7-də keçiriləcək liderlər sammiti öncəsi gündəmlərini dəqiqləşdirmək üçün bir araya gəliblər.
İclasda BRICS-in qurucu üzvlərindən olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Qrup əvvəldən Ukrayna müharibəsi ilə bağlı şərhlərində ehtiyatlı olub, sülhə çağırıb, lakin Rusiyanın hərəkətlərini pisləməkdən çəkinib.
Görüş ABŞ-ın Ukraynadakı müharibənin sona çatması üçün “kritik həftə” kimi xarakterizə etdiyi həftənin başlanğıcına təsadüf edib.
Tramp həftə sonu Roma Papası Fransiskin dəfn mərasimində Zelenski ilə görüşəndən sonra Putinə qarşı məsafəli mövqe ortaya qoyarkən, Rusiya liderinin onun “fikrini dağıtdığını” düşündüyünü deyib.
Digər tərəfdən, məlumdur ki, ABŞ prezidenti Kiyevə Rusiyanın ilhaq etdiyi Krımı geri almaq ümidlərindən əl çəkməsi üçün təzyiqləri davam etdirir.
Qəzzadan “tamamilə çəkilmə”
Vieira aprelin 28-də İsrail qüvvələrinin Qəzzadan "tamamilə çıxarılmasına" çağırıb və deyib: "İsrailin yenidən bombardmanlarını davam etdirməsi və humanitar yardımın qarşısının alınması qəbuledilməzdir".
Nazirlərin aprelin 29-da birgə bəyanat verərək, çoxtərəfliliyə və beynəlxalq bazar qaydalarına hörməti vurğulayacaqları gözlənilir.
Görüş Beynəlxalq Valyuta Fondunun Trampın geniş tariflərinin təsiri səbəbindən qlobal artım proqnozlarını aşağı salmasından sonra dünya iqtisadiyyatı üçün həssas bir vaxta təsadüf edir.
Yanvar ayında Ağ Evə qayıtdıqdan sonra ABŞ lideri bir çox ölkəyə 10 faizlik rüsum, Çin isə əksər məhsullarına 145 faizə qədər rüsum, Pekin buna cavab olaraq ABŞ mallarına 125 faiz rüsum tətbiq edib.
Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Zhao Chenxin aprelin 28-də Pekində bildirib ki, onun ölkəsi Vaşinqtonun "birtərəflilik və zorakılıq" kimi təsvir etdiyi şey qarşısında "tarixin doğru tərəfindədir".
BRICS pul vahidi üçün erkəndir
2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan və Qərbin rəhbərlik etdiyi beynəlxalq təşkilatlara alternativ platforma axtaran BRICS qrupu əhəmiyyətli dərəcədə böyüyür. Dünya əhalisinin təxminən yarısını və qlobal ÜDM-in 39 faizini təşkil edən qrup Ukraynadan Qəzzaya, qlobal ticarətdən digər kritik problemlərə qədər müxtəlif mövzularda fikirlər səsləndirir.
Liderlərin iyulda keçiriləcək sammitində BRICS-in dolların hegemonluğuna meydan oxumasının gündəmdə olacağı gözlənilir. Keçən ilki sammitdə BRICS üzvləri qeyri-dollar əməliyyatlarının artırılmasını müzakirə etdilər və bu, ABŞ valyutasını sarsıdacaqları təqdirdə 100% tariflərlə hədələyən Trumpın sürətli cavabına səbəb oldu.
Aprelin 28-də keçirilən iclasdan əvvəl Braziliyanın “O Globo” qəzetinə danışan Rusiya xarici işlər naziri Lavrov BRICS ölkələrinin üzv dövlətlər arasında əməliyyatlarda “milli valyutaların payını artırmağı” planlaşdırdıqlarını, lakin BRICS vahid valyutasına keçidin “erkən” olduğunu bildirib. Trampın ticarətə tətbiq etdiyi ağır tariflərdən indiyə qədər təsirlənməmiş Braziliya da eyni şəkildə yeni valyuta yaratmaq planlarını rədd edib.
İqlim dəyişikliyinin nazirlərin yekun bəyanatında diqqəti cəlb edəcəyi gözlənilir və Braziliya bu ilin noyabr ayında Amazonun Belem şəhərində BMT-nin COP30 iqlim konfransına ev sahibliyi edəcək.