Banqladeş ölkənin ən böyük dini partiyasının qeydiyyatını bərpa etdi. Bu qərar həmin partiyanın qeydiyyatının ləğv edilməsindən 10 ildən çox müddət sonra baş verdi.
Ali Məhkəmə Camaate-İslaminin qeydiyyatının bərpa edərək onun Seçki Komissiyasında rəsmi olaraq siyasi partiya kimi siyahıya salınmasına icazə verdi.
Partiyanın vəkili Şişir Monir qərarı “170 milyon əhalisi olan müsəlman çoxluqlu ölkədə demokratik, inklüziv və çoxpartiyalı sistemin göstəricisi” adlandıraraq deyib: “Ümid edirik ki, Banqladeş xalqı etnik və ya dini kimliyindən asılı olmayaraq, Camaate-İslami partiyası üçün səs verəcək və parlament konstruktiv müzakirələrlə canlanacaq”.
2024-cü ilin avqust ayında Şeyx Hasina baş nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra partiya 2013-cü ildə Ali Məhkəmənin qadağa qərarının yenidən nəzərdən keçirilməsi üçün müraciət etdi. 2025-ci ilin 1 iyununda verilən qərar Ali Məhkəmənin mayın 27-də Camaate-İslaminin əsas başçılarından olan A.T.M. Azharul İslamın məhkumluğunu ləğv etməsindən sonra gəldi. O, Banqladeşin 1971-ci ildə Pakistandan ayrılaraq müstəqillik müharibəsi zamanı zorakılıq, qətl və soyqırım ittihamları ilə 2014-cü ildə ölüm cəzasına məhkum edilmişdi.
Camaate-İslami müharibə zamanı Pakistanı dəstəkdiyi üçün bəzi banqladeşlilərin qəzəbinə səbəb olmuşdu. Bunlar Hasinanın atası, Banqladeşin qurucu lideri olan Şeyx Mücibur Rəhmanın rəhbərlik etdiyi Avami Liqasının rəqibləri idi. Hasina öz hakimiyyəti dövründə Camaate-İslami partiyasını bağlamış və onun başçılarına qarşı sərt tədbirlər görmüşdü.
2025-ci ilin may ayında Banqladeşin müvəqqəti hökuməti keçən il onun devrilməsinə səbəb olan kütləvi etirazlara qarşı sərt tədbirlərinə görə məhkəmə prosesinin nəticəsini gözləyərək Avami Liqasını yasaqladı.