İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının 51-ci toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Benyamin Netanyahu rəhbərliyindəki hökumət regional sülhün qarşısındakı ən böyük maneədir. O bildirib ki, İsrailin hücumları Yaxın Şərqdə artan qeyri-sabitliyin əsas səbəblərindəndir.
Ölkә başçısı hәmçinin qeyd edib ki, İsrail qəsdən tibb müəssisələrini, məktəbləri, məscidləri, kilsələri və digər mülki infrastruktur obyektlərini hədəf alır, günahsız qadın və uşaqları vurur. Qəzzadakı fələstinlilər nasistlərin toplama düşərgələrindәn daha betər şəraitdə yaşayırlar. Prezident R.T.Ərdoğan Almaniyada nasist rejiminin başçısı Adolf Hitlerin dünyanı bürüyən dağıdıcı siyasətini xatırladaraq əlavə edib: “Netanyahunun siyonist iddiaları dünyanı fəlakətin mәrkәzinә çevirmәkdәn başqa bir məqsədə xidmət etmir”.
Dövlət terroru
Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Livan, Suriya, Yəmən və İranda həyata keçirdiyi son hücumlara da münasibət bildirərək, 13 iyun tarixində Tehrana edilən hücumu “dövlət terroru” adlandırıb.
R.T.Ərdoğan İsrailin hücumlarına qarşı İranın cavab atәşini müdafiə edərək bildirib ki, Təl-Əviv rәhbәrliyinin aqressiyası rәsmi Tehranla olan nüvə proqramı üzrə diplomatik səylərə ciddi zərbə vurur. “Nüvə fəaliyyəti heç bir beynəlxalq nəzarətə tabe olmayan, şəffaflıq məsələsində heç kimi vecinə almayan İsrailin, nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair razılaşmalara qoşulmuş dövlətlərə nəsihət verməsi ikiüzlülüyün ən açıq nümunəsidir”, – deyə prezident R.T. Ərdoğan bəyan edib.
İsrailin İrana hücum etməsinin Netanyahu hökumətinin və onun qatillərinin problemləri diplomatik yollarla həll etmək niyyətində olmadığını açıq şəkildə göstərdiyini qeyd edən Türkiyә prezidenti beynəlxalq ictimaiyyəti İsrailin təxribatçı ritorikasını cilovlamağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıb.