NATO-ya üzv olan 32 ölkənin liderləri 24–25 iyun tarixlərində Haaqada bir araya gələcək. Sammitdə müdafiə xərclərinin artırılması, Ukraynanın NATO-ya üzvlüyü və ABŞ-ın İrana son hücumlarının geosiyasi nəticələri kimi məsələlər müzakirə olunacaq.
İyunun 5-də NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən görüşdə müttəfiq ölkələrin müdafiə nazirləri gələcək illər üçün mümkün hədəflər üzərində razılığa gəliblər. NATO sammitində Rusiya-Ukrayna münaqişəsində əsas vasitəçi rolunu oynayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Sammitdə rəsmi şəkildə qəbul edilməsi gözlənilən əsas məsələlərdən biri ABŞ-ın dəstəklədiyi və üzv ölkələrin ümumi daxili məhsulunun (ÜDM) ən azı 5 faizini müdafiə xərclərinə ayırmasını nəzərdə tutan təklifdir. Bu hədəf ilk dəfə Donald Trampın birinci prezidentliyi dövründə irəli sürülmüşdü.
Hazırda Avropalı müttəfiqlər ÜDM-lərinin orta hesabla 1,9 faizini müdafiə sahəsinə yönəldirlər. Kanada bu sahəyə təxminən 1,4 faiz, ABŞ isə 3,5 faiz ayırır. NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülən təklifə əsasən, 5 faizlik hədəfin 3,5 faizi birbaşa hərbi imkanlara (silah, sursat, təlim və qüvvələr), qalan 1,5 faizi isə ümumi təhlükəsizlik sərmayələrinə və Ukraynaya yardıma ayrılacaq.
Müdafiə xərcləri ilə bağlı müzakirələr
Alyans daxilində bu hədəfə qarşı çıxışlar xüsusilə İspaniyadan gəlir. ÜDM-in cəmi 1,3 faizini müdafiəyə ayıran və NATO üzvləri arasında ən aşağı müdafiə xərclərinə malik olan İspaniya yeni hədəfdən azad olunmasını tələb edir. Bildirilir ki, İspaniyanın Baş naziri Pedro Sançes NATO-nun baş katibi Mark Rutteyə məktub göndərərək sammitin yekun bəyanatında xərcləmə hədəfinin könüllü xarakter daşımasını və ya İspaniyanın bu tələbdən açıq şəkildə azad edilməsini xahiş edib.
Rutte Rusiyadan gələn təhlükəni əsas gətirərək 5 faizlik müdafiə xərci hədəfini ciddi şəkildə müdafiə edib. Lakin alyans daxilində təhlükənin qiymətləndirilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Bir çox hökumətlər artan milli borc səbəbilə bu hədəfə qarşı çıxırlar. Sançes bildirib ki, 5 faizlik müdafiə xərcləri İspaniyanın strateji baxışına uyğun deyil və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün zəruri sayılmır.
Rutte sammitdən əvvəl jurnalistlərə açıqlamasında deyib: “İspaniya bu məqsədlərə ÜDM-in 2,1 faizi ilə də çata biləcəyini düşünür. Lakin NATO əmindir ki, İspaniya ən azı 3,5 faiz xərcləməlidir.”
Slovakiyanın Baş naziri Robert Fiko da bazar ertəsi İspaniyanın mövqeyini dəstəkləyib. O bildirib ki, Slovakiya müdafiə büdcəsini nə qədər və hansı sürətlə artıracağına özü qərar vermək səlahiyyətinə malikdir. Fiko həmçinin qeyd edib ki, Bratislava 5 faizlik hədəfə çatmadan da NATO öhdəliklərini yerinə yetirə bilər.
Ukrayna–Rusiya müharibəsi
Hollandiya kralının qonaqların şərəfinə təşkil edəcəyi rəsmi naharda NATO-nun əsas üzvləri ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, eləcə də Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya kimi Asiya–Sakit Okean regionu ölkələrinin liderləri də iştirak edəcəklər.
Zelenskinin sammitə dəvət olunması simvolik bir jest kimi qiymətləndirilir. Sammitin yekun bəyannaməsində NATO-nun Ukraynanın təhlükəsizliyi ilə bağlı “suveren öhdəliklərinə” istinad ediləcəyi gözlənilir. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq dəfələrlə bəyan etmişdi ki, Ukrayna müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər. Lakin hazırkı baş katib Mark Rutte bu məsələdə heç bir konkret vədin verilmədiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını və bu məsələnin Rusiya ilə müharibənin əsas səbəblərindən biri olduğunu iddia edib.
Yaxın Şərq münaqişəsi
Sammit Yaxın Şərqdə baş verən ani geosiyasi hadisələrin kölgəsində qala bilər. ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi zərbələr və buna cavab olaraq İranın Qətər və İraqdakı ABŞ bazalarına yönəltdiyi əks-hücumlar.
Sammitdən bir neçə gün əvvəl ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyat, Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma ehtimalını yenidən gündəmə gətirdi və Avropa müttəfiqləri arasında ciddi narahatlıq yaratdı. Bu böhran həmçinin müdafiə xərcləri, raketdən müdafiə və antiterror məsələlərinin də sammit müzakirələrində ön plana çıxmasına səbəb olub.
ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından bir neçə gün sonra məsələ ilə bağlı açıqlama verən NATO-nun baş katibi alyansın nüvə silahlarının yayılmasının qarşısını almaq istiqamətindəki uzunmüddətli mövqeyini davam etdirəcəyini bəyan edib.