DÜNYA
2 dəqiqə oxuma
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İsraili mərhəmətli olmağa çağırıb
"İnsanların necə əziyyət çəkdiyini təsəvvür edə bilərsiniz. Yeməkdən silah kimi istifadə etmək həqiqətən yanlışdır. Tibbi ləvazimatlardan silah kimi istifadə etmək də həqiqətən yanlışdır," - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İsraili mərhəmətli olmağa çağırıb
/ Reuters
9 saat əvvəl

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İsraili mərhəmət göstərməyə çağıraraq, sülhün İsrailin öz maraqlarına uyğun olacağını bildirib.

ÜST-nin illik toplantısında çıxış edən Tedros Adhanom Qebreyesus soyqırım müharibəsinin İsrailə zərər verdiyini və davamlı həllin yaranmasına imkan vermədiyini qeyd edib.

"Hazırda Qəzzadakı insanların hiss etdiklərini hiss edirəm. Yaşadıqları ağrı-acını hiss edirəm. Hətta onların səslərini də eşidirəm. Bunun səbəbi isə TSSB-dir (travmatik stress pozğunluğu). İnsanların necə əziyyət çəkdiyini təsəvvür etmək olar. Yeməkdən silah kimi istifadə etmək həqiqətən yanlışdır. Tibbi ləvazimatlardan silah kimi istifadə etmək də həqiqətən yanlışdır," - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı cümə axşamı günü təxminən 90 TIR (yük maşını) yardımı Qəzzaya göndərib. Bu, İsrailin martın 2-də Qəzzanı tam mühasirəyə almasından sonra bölgəyə daxil olan ilk yardım karvanıdır.

Tedros Adhanom Qebreyesus yalnız siyasi həllin mənalı bir sülhün təmin olunmasına şərait yaradacağını bildirib. "Sülh çağırışı əslində İsrailin xeyrinədir. Mən hiss edirəm ki, müharibə İsrailə ziyan vurur və daimi həllin əldə olunmasına imkan verməyəcək", - deyə ÜST-nin rəhbəri vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru Maykl Rayan Qəzzada 2,1 milyon insanın ölüm təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

"Aclığa son qoymalı, bütün girovları azad etməli və səhiyyə sistemini bərpa etməliyik. Keçmiş girov kimi deyə bilərəm ki, bütün girovlar azad edilməlidir. Onların ailələri əziyyət çəkir", – deyə Maykl Rayan vurğulayıb.

ÜST Qəzzadakı fələstinlilərin qida, su, tibbi ləvazimat, yanacaq və sığınacaq çatışmazlığı ilə üzləşdiyini qeyd edib. Dörd böyük xəstəxana münaqişə və ya evakuasiya zonalarına yaxın olduqları üçün keçən həftə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

BMT-nin səhiyyə agentliyinin yaydığı bəyanatda bildirilir ki, Qəzzadakı 36 xəstəxanadan yalnız 19-u fəaliyyət göstərir. Qəzza zolağındakı xəstəxanaların ən azı 94 faizi ciddi zərər görüb.

Bildirilib ki, Fələstin ərazilərində cəmi 2000 xəstəxana çarpayısı mövcuddur və bu, cari ehtiyacları ödəmək üçün kifayət etmir.

İsrail ordusu 2023-cü ilin oktyabr ayından etibarən Qəzzada soyqırım törədir. Hücumlar zamanı əksəriyyəti qadın və uşaq olmaqla təxminən 64 min fələstinli həyatını itirib. İsrail beynəlxalq atəşkəs tələblərini rədd edib.

Ekspertlər ölənlərin sayının Qəzza rəsmilərinin bildirdiyindən çox olduğunu iddia edir və bu rəqəmin təxminən 200 min ola biləcəyini təxmin edirlər.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiklərinə görə həbs olunmasına order verib.

İsrail, həmçinin bölgəyə qarşı apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamı ilə üz-üzədir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us