İstanbul Nağıl Məktəbi layihəsi çərçivəsində müəllimlər xəstəxanada müalicə alan məktəb yaşlı uşaqlara nağıl kitabları gətirir, “Biri vardı, biri yoxdu” deyə başlayan nağıllarla onların həyata yenidən bağlanmasına kömək edirlər.
İstanbul Milli Təhsil departamenti tərəfindən həyata keçirilən İstanbul Nağıl Məktəbi layihəsi çərçivəsində nağıl məktəbləri və evləri yaradılır. Layihə xəstəxanada uzunmüddətli müalicə alan uşaqlara yönəlib.
“Xəstəxanada bir nağıl var” şüarı ilə nağıl məktəbi müəllimləri xəstəxanalara baş çəkərək “Masalhane” (Nağıl evi) sessiyaları ilə gənc xəstələrlə ünsiyyət qururlar.
Uşaqların tibbi vəziyyətindən asılı olaraq müəllimlər nağılları xəstəxana palatalarında, yataq başında “Biri vardı, biri yoxdu” deyə başlayırlar. Məqsəd bu nağıllarla uşaqların gələcəyə ümidini itirməməsinə səbəb olmaqdır.
Anadolu Agentliyi (AA) Başakşehir Çam və Sakura şəhər xəstəxanasında keçirilən Masalhane tədbirini izləyib. Burada onkologiya və fiziki terapiya şöbələrində müalicə alan məktəb yaşlı uşaqlar nağıl sessiyalarında iştirak ediblər.
İstanbul Təhsil müdiri Murat Mücahit Yentur bildirib: “Şəhərdə təxminən 3 milyon şagird və 170 min müəllim bu layihədə var.
İstanbulun təhsil sistemi incəsənət, idman liseyləri, İmam Hatip və peşə məktəbləri kimi ixtisaslaşmış sahələri əhatə edir. Bunların arasında xəstəxanalar ən unikal sahədir. Biz buna böyük əhəmiyyət veririk. Şüarlarımız “Hər kəs üçün hər yerdə və hər zaman təhsil” və “Təhsil maneə tanımır”dır.
Masalhane sessiyalarında iştirak edən uşaqlar sağlamlıq problemləri səbəbindən məktəblərindən uzaqlaşmaq məcburiyyətində qalanlardır. Bu ayrılığın mənfi təsirlərini azaltmaq üçün xəstəxanalardakı bəzi palataları sinif kimi düzəltdik. Məqsədimiz onların müəllimləri ilə birlikdə təhsillərini davam etdirməsi, öyrənmə bacarıqlarını qorumaqdır. Xəstəxana siniflərində ailələrin də iştirakı uşaqların motivasiyasını artırır.
İnanırıq ki, uşaqlara sevinc bəxş edərək, onları çətin vəzizyyətlərindən müvəqqəti də olsa, uzaqlaşdıra bilirik. İstəyirik bunu bütün İstanbula yayaq. Hər bir valideynin təklif və istəyi də nəzərə alınır.
Layihənin ümumi koordinatoru Hatice Çakır Ermiş bildirib ki, İstanbul Nağıl Məktəbləri beş fərqli sahədə fəaliyyət göstərir. O, bunu belə izah edib: “Nağıllar vasitəsilə uşaqlar mədəni ənənə və dəyərlərlə yenidən əlaqə qurur və məktəbə qayıtmağa hazırlaşırlar. Bəzən valideynlər də sessiyalarda iştirak edir və nənə-babalarından nağıl dinləyərək böyüdükləri üçün bundan daha çox zövq alırlar. Çoxu deyir: “Uzun müddətdir nağıl eşitmirdik”.
15 xəstəxanada 5 koordinator fəaliyyət göstərir.
Bəzi uşaqlar palatanı tərk edə bilməyəcək dərəcədə zəif olur, o zaman onlara fərdi şəkildə baş çəkirik. Bu ziyarətlər onları çox xoşbəxt edir, sevinirlər”.
Müəllimlər həm təhsilə, həm də sağalmağa dəstək olur
Xəstəxana siniflərində çalışan sosial elmlər müəllimi Aysun Alaca deyib: “İbtidai məktəbdən liseyə qədər olan şagirdlərə həm yataq başında, həm də palatalarda dərs keçirik. Onlara yalnız məktəb dərsləri verilmir, həm də psixososial dəstək təklif edilir. Biz onların əhval-ruhiyyəsinə və sağalma proseslərinə müsbət təsir göstərməyə səy göstəririk.
Uşaqlar da, valideynlər minnətdardır
Müalicə alan uşaqlardan biri olan 12 yaşlı Mirac Bulut Kurt Masalhane ilə bağlı sevincini belə bölüşüb: “Müəllimlər məni çox xoşbəxt etdilər. Çox yaxşıdır”. Atası Alparslan Kurt uzunmüddətli müalicə alan uşaqlara təqdim olunan müsbət və ruhlandırıcı fəaliyyətlərə görə Səhiyyə Nazirliyinə təşəkkürünü bildirib.
10 yaşlı Ada Mavus isə deyib: “Biz çox əylənirik. Müəllimlər otağıma gələndə piano çalırıq, şəkil çəkirik və mən çox xoşbəxt oluram”. Anası Haset Teşome Mavus da Masalhanedən məmnun qaldığını bildirib: “Müəllimlər gəlməyə başlayanda çox sevindik. Çünki uşaqlar çox şeydən uzaq düşdükləri üçün darıxırlar. Bu təhsil yönü darıxmağa qoymur. Qızım şəkil çəkməyi və musiqini çox sevir. Xəstəxanadakı uşaqların məktəbi unutmaması çox vacibdir.”