Türkiyədən göndərilən humanitar gəmi 1600 tondan çox yardım yükü ilə Port-Sudana çatıb və ölkədəki ağırlaşan humanitar böhran zamanı mühüm dəstək təmin edib.
“Xeyirxahlıq gəmisi” Türkiyənin İnsan Haqqları və Humanitar Yardım Fondu tərəfindən göndərilib və 1605 ton ərzaq, geyim, gigiyena və sığınacaq məhsulları çatdırıb.
Gəminin 5 mayda Port-Sudana çatması rəsmi mərasimlə qarşılanıb. Tədbirdə Türkiyənin Xartumdakı səfiri Fatih Yıldız, Türkiyənin İnsan Haqqları və Humanitar Yardım Fondu İdarə Heyətinin üzvü Mehmet Enes Arıkan, Sudan Humanitar Yardım Komissiyasının komissarı Selva Adem və bir sıra yerli rəsmilər iştirak ediblər.
“Bu, münaqişə başladığından bəri Türkiyənin göndərdiyi dördüncü humanitar gəmidir,” - deyə səfir Fatih Yıldız “Anadolu” agentliyinə bildirib: “İki gəmi Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) tərəfindən koordinasiya olunub. Bu isə Türkiyənin İnsan Haqqları və Humanitar Yardım Fondunun göndərdiyi ikinci gəmidir. Missiya həm simvolik, həm də praktik olaraq əhəmiyyətlidir, xüsusilə Sudanın paytaxtında təhlükəsizliyin yaxşılaşdığına dair xəbərlər fonunda. Belə bir gəminin gəlişi yalnız bizə deyil, həm də Sudan xalqına mənəvi dəstək verir. Xartum azad edilib, həmrəyliyimiz daha da artıb.”
Türkiyənin İnsan Haqqları və Humanitar Yardım Fondunun nümayəndəsi Mehmet Enes Arıkan qurumun Sudan xalqına uzunmüddətli dəstək vermək öhdəliyini bir daha təsdiqləyib və deyib: “Hazırkı böhran 15 aprel 2023-cü ildən bəri davam edir. Həmin tarixdən rəqib hərbi qruplar arasında silahlı toqquşmalar başladı.
Bizim səylərimiz “Xeyirxahlıqla yol göstərərək Sudana doğru” şüarı altındadır. Hədəfimiz ən çox ehtiyacı olanlara çatmaq üçün yerli hakimiyyət orqanları və humanitar tərəfdaşlarla əməkdaşlıq edərək yardımları paylamaqdır”.
Sudandakı vəziyyət
Mayın 6-da Sudanın müharibə şəraitində olan paytaxtı Port-Sudanda partlayış səsləri eşidilib. Bu, paramilitar qüvvələrin hökumətin güc mərkəzini hədəf alaraq hücum etdiyi ardıcıl üçüncü gün idi.
15 aprel 2023-cü ildən bəri paramilitar Sürətli Dəstək Qüvvələri (RSF) Sudan ordusu ilə ölkəyə nəzarət uğrunda mübarizə aparır. Bu münaqişə minlərlə insanın ölümünə və dünyanın ən ağır humanitar böhranlarından birinin yaranmasına səbəb olub.
BMT və yerli hakimiyyət orqanlarının məlumatına görə, 20 mindən çox adam həlak olub və 15 milyon insan isə köçkün vəziyyətinə düşüb. ABŞ-ın araşdırmalarına əsasən isə ölüm sayı təxminən 130 min nəfərdir.