SİYASƏT
3 dəqiqə oxuma
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir
Seçkilər Avropanın qlobal ticarət gərginlikləri ilə mübarizə apardığı və Rusiya ilə Ukrayna arasındakı müharibə fonunda keçirilir
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir
/ AFP
14 saat əvvəl

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir. Baş nazir postuna namizəd olan Luis Monteneqrunun seçkilərdə qalib gələcəyi gözlənilsə də, parlamentdə çoxluq əldə edə bilməyəcəyi ehtimal edilir.

Son sorğular mərkəz-sağ Demokratik alyansın (AD) Sosialist partiyanı (PS) qabaqladığını və daha çox mandat qazanacağını göstərir. Lakin Portuqaliyanın 230 nəfərlik parlamentində (Portuqaliya Respublikasının Assambleyasında) çoxluq əldə etmək üçün lazım olan 116 mandata çatmaq ehtimalı azdır.

Ultrasağçı “Chega” (“Bəsdir!”) partiyasının isə üçüncü yerdə qərarlaşacağı gözlənilir. Bu isə partiyanı potensial “həlledici partiya”ya çevirir. Lakin Monteneqru “Chega” ilə koalisiya hökuməti qurmayacağını artıq bəyan edib.

Təxminən 10 milyon nəfər əhalisi olan Portuqaliyada səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Bildirilib ki, səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Nəticələrin bir neçə saat içində elan olunacağı gözlənilir.

Mayın 16-da paytaxt Lissabonda keçirilən mitinqdə çıxış edən Luis Monteneqru ölkənin bu “geosiyasi təlatümlər”lə daha uğurla mübarizə apara bilməsi üçün özünə daha geniş səlahiyyət verilməsini istəyib. “Evdə üzərimizə düşəni etməliyik və xaricdə, Avropada və dünyada həll yollarının bir hissəsi olmalıyıq. Bunun üçün güclü bir hökumətə ehtiyac var”, –deyə L.Monteeqro qeyd edib.

Bu seçki Monteneqru üçün də şəxsi baxımdan önəmlidir. Belə ki, 52 yaşlı hüquqşünas mart ayında öz təşəbbüsü ilə keçirdiyi etimad səsverməsini uduzub, bu da onu müşaviri olduğu şirkətin hökumətlə olan müqavilələri səbəbilə maraqlar toqquşması iddialarına məruz qoymuşdu.

L.Monteneqru məsələ ilə bağlı bildirib ki, o, şirkətin idarəçiliyində yer almır və indi onu övladlarına təhvil verib.

 Miqrasiya siyasətində sərtləşmə

Sosialist partiyanın (PS) sədri 48 yaşlı iqtisadçı Pedro Nuno Santos Monteneqrunu ‘‘parlamentdə aparılan istintaq çərçivəsində açıqlama verməkdən yayınmaq üçün’’ seçkilər təşkil etməkdə günahlandırıb.

Lakin seçicilərin yalnız beşdə biri bu məsələnin “çox vacib” olduğunu düşünür. 29 faiz isə bunun “ümumiyyətlə əhəmiyyətsiz” olduğunu hesab edir. Bu rəqəmlər Lissabon Katolik Universitetinin mayın 15-də açıqladığı son rəy sorğusuna əsaslanır.

Lissabon Universitetindən politoloq Felipa Raymundo bildirib ki, portuqaliyalı seçicilər bu cür maraqlar toqquşması hallarına “müəyyən dərəcədə dözümlü” yanaşırlar. “Bu məsələ müxalifətin gözlədiyi qədər təsirli olmadı”, – deyə Felipa Raymundo qeyd edib.

Monteneqru seçki kampaniyası zamanı gənclər üçün gəlir vergisinin azaldılması, pensiyaların artırılması və miqrasiya siyasətində sərtləşmə addımları ilə yadda qalıb. O, xüsusən “Açıq qapı” siyasətinə son verəcəyini vəd edib.

Qeyd edək ki, əvvəlki (PS) hökuməti dövründə Portuqaliya Avropanın ən açıq miqrasiya siyasəti aparan ölkələrindən birinə çevrilmişdi. 2017–2024-cü illər arasında Portuqaliyada yaşayan əcnəbilərin sayı dörd dəfə artaraq ümumi əhalinin təxminən 15 faizinə çatmışdı.

Monteneqru hökuməti seçki kampaniyası çərçivəsində təxminən 18000 qeyri-qanuni miqrantın deportasiya olunacağını bəyan edib. Bu isə onu Trampın siyasətini təqlid etməkdə və sağçı seçicilərə mesaj göndərməkdə günahlandırmağa səbəb olub.

Avropada güc qazanan ifrat sağ partiyalar kimi “Chega” partiyası da miqrasiya və cinayət qorxularını gündəmdə saxlayır.

Bununla yanaşı partiya bir deputatının hava limanında bagaj oğurluğunda ittiham olunması kimi utandırıcı hallarla da gündəmə gəlib.

Partiyanın sədri 42 yaşlı keçmiş futbol şərhçisi Andre Ventura kampaniyanın son həftəsində iki mitinqi ani qarın ağrısı səbəbilə tərk edib və hər iki gün xəstəxanaya yerləşdirilib. Buna baxmayaraq mayın 16-da keçirilən son tədbirdə gözlənilmədən səhnəyə çıxaraq tərəfdaşlarına müraciət edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us