SİYASƏT
2 dəqiqə oxuma
Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda görüşəcək
Ukrayna nümayəndə heyətinə prezident Volodimir Zelenskinin rəhbərlik edəcəyi gözlənilir. Rusiya tərəfinə isə 2022-ci il danışıqlarında da iştirak etmiş keçmiş mədəniyyət naziri Vladimir Medinski başçılıq edəcək
Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda görüşəcək
/ Reuters
15 saat əvvəl

Ukrayna və Rusiya üç ildən artıqdır ki, ilk birbaşa danışıqlara hazırlaşır. Lakin Rusiya prezidenti Vladimir Putin bu danışıqlarda iştirak etməyəcək.

Ukrayna prezidenti Volodimir Zelenski Putini təkbətək görüşə dəvət edib. Lakin Rusiya nümayəndə heyətinə yalnız aşağı səviyyəli bir komanda daxil edilib.

Ukrayna rəsmisi Rusiya mediasının cümə axşamı Türkiyədə keçirilməsi planlaşdırılan danışıqların vaxtı ilə bağlı razılığın əldə olunmadığına dair yaydığı xəbərləri təkzib edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi Andrey Kovalenko "Telegram" kanalında yayımladığı açıqlamada danışıqların Türkiyə vaxtı ilə səhər saat 10:00-da başlanacağına dair xəbərlərin "planlaşdırılmadığını və həqiqəti əks etdirmədiyini" bildirib.

2022-ci ilin fevralında başlayan müharibə nəticəsində on minlərlə insan həyatını itirib. Rusiya, II Dünya Müharibəsindən bəri Avropanın ən ağır münaqişələrindən biri hesab edilən müharibə zamanı Ukrayna ərazisinin təxminən beşdə birini işğal edib.

Ötən həftə Putin, Ukrayna və Avropa ölkələrinin irəli sürdüyü 30 günlük qeyd-şərtsiz atəşkəs çağırışına cavab olaraq mayın 15-də İstanbulda görüşməyi təklif etmişdi.

Zelenski bu təklifi qəbul etsə də, bu həftə verdiyi açıqlamada bildirib ki, əgər Putin şəxsən danışıqlarda iştirak etməzsə, bu, onun sülhə maraqlı olmadığını göstərəcək.

"Bu, onun müharibəsidir... Ona görə də danışıqlar birbaşa onunla aparılmalıdır", – deyə Zelenski vurğulayıb.

Rusiya nümayəndə heyətinə keçmiş mədəniyyət naziri və 2022-ci il danışıqlarında iştirak etmiş Vladimir Medinski rəhbərlik edəcək.

Qeyd edək ki, Ruriya xarici işlər naziri Sergey Lavrov və Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov kimi əvvəllər ABŞ-la danışıqlara rəhbərlik etmiş simalar bu dəfəki nümayəndə heyətinin tərkibində yer almayıb.

Avropanın sanksiya xəbərdarlığı

Medinski Rusiyanın Ukrayna ilə bağlı tarixi iddialarını irəli sürməkdə təsirli sima kimi görünür. Digər iştirakçılar isə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinin direktoru İqor Kostyukovdur.

Avropa liderləri, İstanbuldakı danışıqların nəticəsiz qalması halında, Rusiyaya qarşı tez bir zamanda yeni sanksiyalar tətbiq ediləcəyini açıqlayıblar.

V.Zelenski isə bildirib ki, Ukrayna, Moskvanı kimin təmsil etməsindən asılı olmayaraq, növbəti "addımlarını" müəyyən edəcək.

"Ukrayna istənilən danışıqlar formatına hazırdır və biz görüşlərdən qorxmuruq. Rusiyadan danışıqlara kimin qatılacağını gözləyirik. Sonra Ukraynanın hansı addımlar atacağına qərar verəcəm", – deyə Volodimir Zelenski vurğulayıb.

Rəsmi Kiyev ölkə ərazisinin Rusiyaya aid olduğunu tanımadığını bildirib. Lakin Zelenski etiraf edib ki, Ukrayna yalnız diplomatik yollarla torpaqları geri ala bilər.

ABŞ Dövlət Katibi Marko Rubio cümə günü İstanbula səfər edəcək. M.Rubio çərşənbə günü Türkiyədə keçiriləcək NATO toplantısında Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa ilə görüşüb.

ABŞ prezidenti Donald Tramp isə çərşənbə günü Türkiyədə vasitəçilik rolunu ala biləcəyini bildirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us