ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Marko Rubio Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığında Suriya ilə bağlı terror təşkilatları siyahılarına yenidən baxılma ehtimalını müzakirə edib. O, həmçinin ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi bəzi sanksiyaları yüngülləşdirmək istiqamətində keçmişdə atdığı addımlara istinad edib.
ABŞ dövlət katibi vurğulayıb ki, rəsmi Vaşinqton Bəşər Əsəd və onun tərəfdaşlarına qarşı sanksiyaları davam etdirmək niyyətindədir.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus da qeyd edib ki, Marko Rubio Suriyaya və beynəlxalq təhlükəsizliyə təhdid yaradan şəxslərə qarşı sanksiyaların davam etdiriləcəyini bir daha bəyan edib.
Nazir həmçinin qeyd edib ki, atılan addımlar ABŞ-Suriya münasibətlərində yeni bir səhifənin açılmasına və Suriya xalqı üçün daha yaxşı şəraitin formalaşmasına töhfə verəcək.
Rəsmi bəyanatda bildirilir ki, tərəflər həmçinin terrorla mübarizə sahəsində əməkdaşlıq imkanlarını, İranın bölgədəki rolu, İsrail-Suriya münasibətləri və Suriyanın kimyəvi silah proqramının qalıqlarının ləğvi istiqamətində atılan addımları müzakirə ediblər.
Qeyd olunan görüş, prezident Donald Trampın ABŞ-ın Suriya ilə bağlı sanksiya proqramını və fövqəladə vəziyyət rejimini ləğv edən sərəncamı imzalamasından sonra baş tutub.
Tramp bu qərarını mayın 13-də Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda elan edərək, sanksiyaları “qəddar” adlandırıb.
ABŞ prezidenti Donald Tramp Suriyaya “şans vermək” məqsədilə sanksiyaları ləğv etdiyini bildirib. Dövlət katibi Marko Rubio isə Vaşinqtonun sabit və vahid Suriya ideyasını dəstəkləmək üçün yeni addımlar atdığını vurğulayıb.
M.Rubio bu qərarın Trampın ABŞ-ın Suriyaya qarşı sanksiyalarına son qoyması fonunda verildiyini qeyd edib və ABŞ-ın gördüyü tədbirlərin Suriyanın gələcəyinə mane olmayacağını deyib.
ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr 2011-ci ildə Suriyada hökumət əleyhinə etirazların zorakılıqla yatırılmasına cavab olaraq Bəşər Əsəd rejiminə qarşı sanksiyalar tətbiq edib.
Bu sanksiyalar çərçivəsində rejimlə əməkdaşlıq qadağan olunub, Əsəd hökumətinə aid aktivlər dondurulub, maliyyə əməliyyatlarına və texnologiyaya çıxışa ciddi məhdudiyyətlər qoyulub.