ABŞ prezidenti İsraildən Tehrana hücumlarını dayandırmağı tələb edib-etmədiyini təsdiqləməkdən imtina edib və belə bir tələbin bağlı qapılar arxasında olub-olmadığını açıqlamayıb.
ABŞ prezidenti Donald Tramp İsrail və İranın nəticədə atəşkəsə nail olacağına ümid etdiyini bildirib, lakin bəzən ölkələrin “ilkin mübarizə aparmalı olduğunu” bəyan edib.
Tramp ABŞ-ın İsraili “müdafiəsində” dəstəkləməyə davam edəcəyini bir daha vurğulayaraq deyib:
"Ümid edirəm ki, razılaşma olacaq. Düşünürəm ki, razılaşmanın vaxtı çatıb və nə baş verəcəyini görəcəyik. Bəzən müharibə etmələri lazım gəlir, amma nə olacağını görəcəyik".
Kanadada keçiriləcək G7 sammitinə yola düşərkən jurnalistlərə açıqlama verən Tramp İsraildən İrana hücumlarını dayandırmağı tələb edib-etmədiyini söyləməkdən imtina edib.
Digər tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın İsrail-İran münaqişəsinin həlli ilə bağlı son açıqlamalarını alqışlayaraq bütün bölgəni alovlara bürüyə biləcək bir fəlakətin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin iyunun 15-də “X” platformasında verdiyi məlumata görə, iki lider telefon danışığı zamanı İsrail-İran münaqişəsini, ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Vitkoff iyunun 15-də İran rəsmiləri ilə nüvə danışıqlarının yeni raundu üçün Omana getməyə hazırlaşmışdı. Lakin İsrailin hücumlarından sonra görüş ləğv edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın dəstəyi ilə həyata keçirildiyini söylədiyi hücumlardan sonra nüvə danışıqlarını “əsassız” adlandırıb.
İranın dövlət mediası iyunun 13-dən bəri İsrailin İrana hücumları nəticəsində ölənlərin sayının 90 faizi mülki olmaqla 224 nəfərə çatdığını bildirib.