SİYASƏT
2 dəqiqə oxuma
Azərbaycan və Rusiya arasında diplomatik gərginlik yaşanır
Yekaterinburqda iki azərbaycanlının ölümü və Bakıda “Sputnik Azərbaycan” əməkdaşlarının saxlanılması tərəflər arasında qarşılıqlı etiraz notalarına səbəb olub
Azərbaycan və Rusiya arasında diplomatik gərginlik yaşanır
/ Reuters
bir gün əvvəl

Azərbaycan və Rusiya arasında diplomatik gərginliklər artmaqda davam edir. Belә ki, tərəflər arasında qarşılıqlı diplomatik etirazlar baş verib. Səbəb kimi Rusiyanın Yekaterinburq şəhərində iki Azərbaycan vətəndaşının polis tərəfindən saxlanıldıqdan sonra həyatını itirməsi və Bakıda “Sputnik Azərbaycan” əməkdaşlarının saxlanılması göstərilir.

Hadisələrdən sonra Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi nazirliyə dəvət edərək rəsmi Bakının son dövrlərdəki “dostluqdan uzaq addımları” və “ikitərəfli münasibətlərə zərər vurmaq məqsədi daşıyan hərəkətləri” ilə bağlı sərt məzmunlu etiraz notası təqdim edib. Görüş zamanı səfirə Bakıda saxlanılan Rusiya dövlət agentliyi “Sputnik”in iki əməkdaşının dərhal azadlığa buraxılması tələbi ilə rəsmi nota verilib.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı rəsmi açıqlama yayaraq “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirildiyini təsdiqləyib. Saxlanılan şəxslər arasında agentliyin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov da var.

Xәbәr verildiyi kimi, bu addım iyunun 27-də Yekaterinburq şəhərində iki Azərbaycan vətəndaşının hüquq-mühafizə orqanlarının keçirdiyi reyd zamanı saxlanılmasından sonra həmin şəxslərin həyatını itirməsi ilə nəticələnən hadisənin ardınca atılıb. Rəsmi Bakı bu məsələ ilə bağlı dərhal tam və şəffaf istintaqın aparılmasını, məsul şəxslərin məhkəmə qarşısına çıxarılmasını tələb edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də cavab addımı olaraq Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq Rusya hüquq-mühafizə orqanlarının Azərbaycan vətəndaşlarına qarşı “işgəncə və alçaldıcı rəftar” tətbiq etdiyini bildirən diplomatik etiraz notası təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə vurğulayıb ki, təqdim edilən notada Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadəyə görə qəti etiraz bildirilib. Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib

A.Hacızadə verilәn notada bu cür davranışların Azərbaycanda ciddi ictimai narazılıq doğurduğunu xüsusi vurğulayaraq məsələ ilə bağlı təcili və şəffaf istintaq aparılması, hadisəyə məsul şəxslərin cəzalandırılması tələbini təkrar edib.

Bundan başqa, Azərbaycanın Rusiyadakı səfiri “Sputnik Azərbaycan” ofisində keçirilən hüquq-mühafizə əməliyyatının ölkənin daxili qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun şəkildə həyata keçirildiyini bəyan edib. Azərbaycan Baş Prokurorluğu tərəfindən məsələ ilə bağlı cinayət işi açıldığı da qeyd olunub.

Ayxan Hacızadə həmçinin, notada Azərbaycanın daxili işlərinə qarışılmaması barədə xəbərdarlıq edildiyini, Rusiya tərəfinin bu kimi qanunsuz hərəkətlərlə ikitərəfli münasibətlərə zərər vurduğunun açıq şəkildə ifadə olunduğunu bildirib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us