DÜNYA
2 dəqiqə oxuma
FTB:"Vaşinqtonda törədilən hücum əvvəlcədən planlaşdırılmışdı"
Prokurorluq bu hadisəni terror və nifrət zəminində törədilmiş cinayət kimi qiymətdirib
FTB:"Vaşinqtonda törədilən hücum əvvəlcədən planlaşdırılmışdı"
/ Reuters
6 saat əvvəl

Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını öldürməkdə ittiham olunan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanarkən polisə “Bunu Fələstin üçün etdim, Qəzza üçün etdim” deyib. Federal rəsmilər hadisəni məqsədyönlü bir terror aktı kimi qiymətləndiriblər.

Xatırladaq ki, öldürülən şəxslər nişanlanmağa hazırlaşan amerikalı qadın və israilli bir kişi olub. Onlar həmin vaxt muzeyində keçirilən tədbirdən çıxırmış.

Qeyd edək ki, bu hücum İsrailin Qəzzada törətdiyi soyqırım zamanı baş verib. ABŞ rəsmiləri bunun Amerikada siyasi motivli zorakılıq riskini artırdığı barədə xəbərdarlıq ediblər. Bu hadisədən sonra İsrailin dünya üzrə diplomatik nümayəndəlikləri təhlükəsizlik tədbirlərini gücləndirib və bayraqlarını yarıyadək endirib.

31 yaşlı Elias Rodriges xarici nümayəndənin qətli və digər cinayətlərdə ittiham olunub, lakin mayın 22-də keçirilən qısa məhkəmə iclasında heç bir açıqlama verməyib.

Prokurorlar əlavə ittihamların da mümkün olduğunu bildirərək, işin həm terror aktı, həm də yəhudi icmasına qarşı nifrət zəminində cinayət kimi araşdırıldığını qeyd ediblər. “Bir şəxsin dininə əsasən zorakılıq törətmək qorxaqlıqdır. Bu qəhrəmanlıq deyil!’’, – deyə Kolumbiya bölgəsinin müvəqqəti prokuroru Canin Pirro bildirib.

Şübhəli şəxs federal məhkəmədə ağ rəngli məhkum geyimində olub və prokurorlar ölüm cəzası ilə nəticələnə biləcək ittihamları sadaladığı vaxt o, heç bir reaksiya verməyib.

 FTB: ‘‘Hücum planlaşdırılmışdı’’

Federal Təhqiqat Bürosunun yayımladığı bəyanatda qətlin əvvəlcədən planlaşdırıldığı bildirilib. Rəsmilər Rodrigesin mayın 22-də Çikaqodan Vaşinqtona uçduğunu və qeydiyyata alınmış baqajında tapança daşıdığını qeyd ediblər.

O, muzeydəki proqram üçün bileti tədbir başlamazdan yalnız üç saat əvvəl alıb. Təhlükəsizlik kamerası görüntüləri şübhəlinin muzeyin yaxınlığında gəzərək bir qrupa yaxınlaşdığını və atəş açdığını göstərib. İddiaya görə, o, qurbanlar yerə yıxıldıqdan sonra onlara əyilərək yenidən atəş açıb.

Rodriges həmçinin 2024-cü ilin fevral ayında İsrail səfirliyinin qarşısında özünü yandıran ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətdə olan üzvünə heyranlığını ifadə edib və onu “cəsur” və “şəhid” adlandırıb.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Aron Buşnel Vaşinqton şəhərindəki İsrail səfirliyinin qarşısında özünü yandıraraq həyatına son vermişdi.

O, özünü yandırmazdan əvvəl “Artıq soyqırıma şərik olmayacağam” deyib. Buşnel bu hadisəni “ifrat etiraz forması” kimi xarakterizə edib. O, bu aksiyanı “Twitch” platformasında canlı yayımlayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us