ABŞ-ın Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinə qarşı miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb.
Təxminən 50 nəfər Vaşinqton ştatının Sietl şəhərinin mərkəzindəki immiqrasiya məhkəməsi qarşısında toplaşaraq idarənin və deportasiyanın dayandırılmasına dair şüarlar səsləndiriblər. Aksiya dinc şəraitdə keçib və ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları olmayıb.
Sosializm və Azadlıq Partiyasının Ostin bölməsi tərəfindən şəhərdə başqa aksiya təşkil edilib. Yüzlərlə etirazçı Kapitol binası yaxınlığında toplaşaraq İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinin yerləşdiyi federal binaya doğru hərəkət edib. Texas qubernatoru Qreq Ebbot sosial mediada Ostin şəhərində 10-dan çox etirazçının həbs edildiyini yazıb.
Ştatın Dallas şəhərində yüzlərlə nümayişçi bir neçə saat ərzində şəhər körpüsündə mitinq üçün toplaşıb.
Luiziana ştatının Yeni Orleans şəhərində 100-dən çox insan Los-Anceles etirazçıları ilə həmrəylik nümayiş etdirmək və şəhərdəki immiqrasiya reydlərinə etiraz etmək üçün aksiyası keçirib. Həmçinin miqrantların Nyu-York, Çikaqo, Vaşinqton, Atlanta kimi böyük şəhərlərdə aksiyaları planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp həftəsonu Vaşinqtonda keçiriləcək hərbi paradda istənilən etiraz aksiyasına qarşı güc tətbiq edəcəyini deyib. O bildirib ki, iyunun 14-də paytaxtda çox böyük bayram olacaq. Tramp hələlik paradla bağlı etiraz aksiyası keçiriləcəyinə dair məlumat əldə etmədiyini söyləyib. “Lakin aksiya etmək istəyən insanlar böyük güc tətbiqi ilə qarşılaşacaqlar. Bunlar ölkəmizə nifrət edən insanlardır”, - deyə Prezident əlavə edib. Ordunun 250 illik yubileyinə həsr olunmuş parad həm də prezidentin 79-cu doğum gününə təsadüf edir.
ABŞ prezidenti Donald Tramp hərbçilərin Los-Ancelesdə olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib. O, jurnalistlərə açıqlamasında Milli Qvardiya qoşunlarının Los-Ancelesdə təhlükə tamamilə sovuşana qədər qalacağını açıqlayıb. Tramp ən fövqəladə addım olan Üsyan Aktına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
"Əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. Baxacağıq. Ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub", - deyə Tramp bildirib.ər.