DÜNYA
4 dəqiqə oxuma
Pakistan İran-İsrail münaqişəsini narahatlıqla izləyir
İslamabad rəhbərliyi İsrail-İran münaqişəsinin regional sabitliyi poza biləcəyindən narahatdır
Pakistan İran-İsrail münaqişəsini narahatlıqla izləyir
/ Reuters
9 saat əvvəl

Pakistan hökuməti İsrailin İrana qarşı hava hücumlarını pisləyən, Təl-Əviv rəhbərliyinin beynəlxalq hüququ pozduğunu bildirən və döyüşlərin dərhal dayandırılması çağırışını edən bir sıra bəyanatlar yayıb. Rəsmi İslamabadın son birgə açıqlamasında gərginliyin azaldılmasının, mülki vətəndaşların qorunmasının və diplomatiya yolu ilə regional sülhün təmin olunmasının vacibliyi vurğulanıb, həmçinin Pakistanın BMT Nizamnaməsinin prinsiplərinə və dialoqa sadiqliyi bir daha təsdiqlənib.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Milli Assambleyada çıxışında İsrailin təcavüzkarlığına qarşı ölkəsinin İranı dəstəkləyəcəyini bəyan edәrәk deyib: “Biz İranın yanındayıq və maraqlarını qorumaq üçün bütün beynəlxalq platformalarda onu müdafiə edəcəyik.” Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da İsrailin hücumlarını İranın suverenliyinə açıq-aşkar təcavüz olaraq adlandırıb.

Böhranın dərinləşməsi fonunda Pakistan hökuməti vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib. Eyni zamanda, hazırda İranda olan Pakistan vətəndaşlarının təhlükəsiz şəkildə geri qayıtmalarını təmin etmək üçün diplomatik kanallar vasitəsilə koordinasiya işləri aparılır.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, indiyədək İrandan 450 şiə zəvvar təxliyə olunub. Bu zəvvarlar əsasən Məşhəd, Qum, Nəcəf və Kərbəla kimi dini ziyarətgahlara səfər ediblər.

Ekspertlər xəbərdarlıq edirlər ki, İsrail-İran arasında gərginliyin artması Pakistanın təhlükəsizlik mühitinә tәsir edә bilәr. Pakistan ilə İran arasında bir neçə keçid nöqtəsi olan təxminən 905 kilometrlik bir sərhəd mövcuddur və bu, İranda baş verə biləcək hər hansı bir qeyri-sabitliyi İslamabad rəhbərliyi üçün birbaşa təhlükəsizlik problemi halına gətirir.

Münaqişə eyni zamanda regional hava məkanına və ticarət yollarına zərbə vuraraq, həm qonşu ölkələr üçün, həm də beynəlxalq səfərlər baxımından ciddi çətinliklər yaradıb.

Qlobal bazarlar da artan neft qiymətlərindən mənfi təsirlənib. Neft idxalçısı olan Pakistan bu vəziyyətdə inflyasiyanı idarə etməkdə və iqtisadi sabitliyi qorumaqda çətinlik çəkir. Analitiklər Pakistan Mərkəzi Bankının münaqişənin səbəb olduğu inflyasiya təzyiqlərinə qarşı faiz dərəcələrini sabit saxlaya biləcəyini proqnozlaşdırır.

 İsrail-Hindistan ittifaqı fonunda artan təhdid

Pakistanın sabiq səfiri və beynəlxalq siyasət üzrə ekspert Mənsur Əhməd Xan “TRT World”a açıqlamasında bildirib ki, Pakistan bu böhran qarşısında ehtiyatlı, lakin prinsipial mövqe sərgiləyir. O, İsrail-Hindistan ittifaqının Pakistanın təhlükəsizliyi və strateji maraqları üçün böyüyən bir təhlükə təşkil etdiyini bildirib. “Hindistan bölgədə hegemonluq qurmaq üçün İsrailin üsullarını təqlid edir. Keçən ay sübutsuz terror ittihamları ilə Pakistana hücum etdi. Pakistanın reaksiyası bu cəhdi puça çıxardı”, - sabiq səfir qeyd edib. Həmçinin M.Ə.Xan xəbərdarlıq edib ki, İsrail-İran toqquşması Hindistanın Pakistan əleyhinə yeni bir həyəcan hazırladığının xəbərçisi ola bilər.

 Pakistan bölgənin polisi deyil

Karaçi Universitetinin professoru və beynəlxalq münasibətlər üzrə ekspert Şaista Təbbəsüm bildirib ki, Pakistanın təhlükəsizliyi bir neçə istiqamətdən təzyiq altındadır. “Şərq sərhədi Hindistanın İsraillə yaxın əlaqələri səbəbilə bir o qədər də həssasdır və İranda baş verə biləcək hər hansı bir qeyri-sabitlik həm sərhədyanı təhlükələrə, həm də daxili məzhəbi həssaslıqlara səbəb ola bilər”, - deyə ekspert qeyd edib.

Nüvә aspektinə toxunan Ş.Təbbəsüm deyib: “Pakistanın nüvə proqramı Hindistana yönəlib və ancaq müdafiə xarakteri daşıyır. Pakistan heç vaxt bölgənin polisi rolunu öz üzərinə götürməyib və İranla hərbi dəstək və ya nüvə texnologiyası paylaşımı gözlənilmir.”

Xarici siyasət kontekstində Ş. Təbbəsüm bildirib ki, Pakistan sülh tərəfdarı olaraq birbaşa müdaxilədən çəkinir və ehtiyatlı bir mövqe sərgiləyir. BMT və digər beynəlxalq platformalarda nümayiş etdirilən yanaşma isə ölkənin neytral qalmaq istəyini əks etdirir.

Pakistan üçün çətinlik

Tabadlab Strateji Araşdırmalar və Siyasət Məsləhətləri şirkətinin tərəfdaşı Zişan Salahuddin “TRT World”a açıqlamasında bildirib ki, Pakistanın əsas prioriteti İsrail-İran münaqişəsinin tez və sülh yolu ilə həllinə töhfə vermək olmalıdır. O, bölgədə baş verə biləcək genişmiqyaslı bir müharibənin ciddi sabitsizliklərə səbəb olacağı barədə xəbərdarlıq edib.

Z. Salahuddin əlavə edib ki, müharibənin uzanması Pakistanın regional mövqeyini daha da zəiflədə bilər. Şərqdə onsuz da düşmən münasibətlərində olduğu Hindistan, qərbdə münasibətlərin gərginləşdiyi Əfqanıstan və indi də cənub-qərbdə açıq şəkildə İsraillə müharibə vəziyyətində olan bir qonşu ilə üz-üzə qalan Pakistanın vəziyyəti olduqca çətindir.

İnformasiya istehsalçılarının bu dövrdəki məsuliyyətinə diqqət çəkən Z. Salahuddin bildirib ki, siyasət sahəsində araşdırma aparanların öhdəliyi yalnız həqiqətə sadiq qalmaqla bitmir, onların vəzifəsi eyni zamanda cəmiyyəti dezinformasiya və saxtalaşdırmalardan qorumaqdır. Xüsusilə də, reallığın davamlı hücumlara məruz qaldığı dövrdə.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us