Avropa İttifaqının diplomatik rəhbəri Kaya Kallas Tramp administrasiyasının "sərt sevgi" siyasətindən sonra qitənin müdafiə xərclərini artırdığını bildirib və Asiya-Sakit Okean regionu ilə daha güclü əlaqələr qurulmasına çağırıb.
30 mayda Sinqapurda keçirilən Shangri-La müdafiə forumunda çıxış edən Kallas ABŞ Müdafiə naziri Pit Heqsetin prezident Donald Trampın daha çox hərbi xərcləmə tələblərini "sərt sevgi" adlandırmasına zarafatla cavab verib: "Bu da bir sevgidir, sevgisizlikdən yaxşıdır”.
Tramp NATO ölkələrini müdafiə xərclərini artırmağa davamlı olaraq təzyiq göstərir, hətta ÜDM-in beş faizi qədər tələb edir.
Kaya Kallas deyib: "Avropada müxtəlif ölkələr var. Bəzilərimiz çoxdan başa düşmüşük ki, müdafiəyə sərmayə qoymalıyıq. Bu, yaxşı bir şeydir. Biz daha çox iş görürük. Amma vurğulamaq istərdim ki, Avropanın təhlükəsizliyi ilə Sakit Okeanın təhlükəsizliyi bir-biri ilə çox bağlıdır".
Avropa İttifaqı “sərt müdafiə” rolunu qəbul edir
K.Kallas Ukraynanı misal gətirərək burada artıq Şimali Koreya əsgərlərinin olduğunu və Çinin Rusiyaya hərbi texnika təmin etdiyini söyləyib: "ABŞ Müdafiə nazirinin Çinə dair çıxışında çox güclü mesajlar var. Düşünürəm ki, siz Çin qədər Rusiyadan da narahat olmalısınız. Avropa İttifaqı Asiya-Sakit Okean regionunda müdafiə sahəsi də daxil olmaqla, qarşılıqlı maraqlarımıza uyğun tərəfdaşlıqlar qurmaq istəyir. Artıq özümüzü sülh layihəmiz sərt müdafiə ilə dəstəklənən yeni yanaşmaya keçib. Biz sürətlə qlobal təhlükəsizlik tərəfdaşına çevrilirik”.
Qeyd edək ki, Pit Heqset iştirakçılara demişdi: "Biz Avropadakı müttəfiqlərimizi öz təhlükəsizliklərinə daha çox sahib çıxmağa və müdafiələrinə sərmayə qoymağa çağırırıq”.