Banqladeşin cənub-şərqindəki Koks Bazar rayonunda güclü musson yağışları rohincalara aid 1400-dən çox evə ziyan vurub.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, cəmi iki gün ərzində 33 qaçqın düşərgəsində 53 sürüşmə qeydə alınıb. Divarın uçması nəticəsində bir qaçqın ölüb, 11 nəfər isə ildırım vurması nəticəsində yaralanıb.
UNHCR bildirib ki, şiddətli musson yağışları Rohinca qaçqınlarının kritik ehtiyaclarını ortaya çıxarıb.
1,3 milyondan çox Rohinca qaçqını Koks Bazar rayonunda sığınacaq tapmağa çalışır. Onların əksəriyyət 2017-ci ildə Myanma ordusunun basqılarından sonra bölgəyə gəlib.
UNHCR-nın Banqladeşdəki müvəqqəti nümayəndəsi Juliet Murekeyisoni deyib: "Dik yamaclar, daşqınlar və müvəqqəti sığınacaqlar belə sıx məskunlaşmanın olduğu ərazidə təhlükə yaradır. Güclü küləklər isə bambuk və brezent sığınacaqları daha da təhlükəli hala gətirir".
UNHCR Myanmanın Rakhine əyalətində zorakılıq və təqiblərdən qaçan minlərlə rohincalının onsuz da sıx olan ərazini daha da daraltdığını vurğulayıb.
Həmçinin bildirilib ki, ciddi maliyyə çatışmazlığı humanitar agentliklərin təcili ehtiyacları ödəmək və lazımi hazırlıq tədbirlərini tam şəkildə həyata keçirmək qabiliyyətini təhdid edir.
BMT-nin Banqladeşdəki rəsmisi Qvin Levis, Koks Bazar düşərgələrindən "Bu fəlakətlərə hazırlaşmaq təkcə vacib deyil, həm də həyat xilas edir" deyib.
Musson yağışlarına qarşı tədbirlər adətən may ayından əvvəl başlayır, lakin bu il maliyyə problemləri səbəbindən tədbir görmək işləri çətinləşib.
Cari il BMT-nin Rohinca qaçqınlarının vəziyyəti ilə bağlı Birgə Müdaxilə Planı Banqladeşdəki Rohinca qaçqınlarına və ev sahibi icmalarına kömək üçün 934,5 milyon dollar tələb edirdi, lakin tələb olunan vəsaitin yalnız 20%-i təmin edilib.