Putin mayın 11-də Ukraynaya 15 may tarixindən etibarən İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib.
Moskvada keçirdiyi mətbuat konfransında Putin bildirib ki, mayın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacaq və Ukrayna ilə sülh yollarını müzakirə etmək üçün bir platforma təklif edəcək.
Həmçinin Rusiya heç bir ilkin şərt olmadan danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
“Hazırda müharibə davam edir və biz danışıqları yenidən başlamağı təklif edirik. Doğrudan da sülh istəyənlər bu təşəbbüsü dəstəkləyəcəklər”, – deyə o bildirib.
Prezident Putin əlavə edib ki, İstanbulda yeni bir atəşkəsin müzakirəsi mümkündür.
“Təkliflərimiz masadadır və qərar Ukrayna höküməti ilə onların nəzarətçilərinin öhdəsinə düşür”, – deyə vurğulayıb.
Qeyd edək ki, Rusiya və Ukrayna 2022-ci ilin mart ayında İstanbulda görüşlər keçirmiş və sülh sazişinin layihəsi üzrə razılığa gəlmişdilər.