DÜNYA
2 dəqiqə oxuma
Çin üç ABŞ vətəndaşını axtarış siyahısına daxil edib
Pekin casusların fevralda keçirilən Qış Asiya Oyunlarını hədəf aldığını iddia edir
Çin üç ABŞ vətəndaşını axtarış siyahısına daxil edib
/ AP
15 aprel 2025 г.

Çin polisi ABŞ Milli Təhlükəsizlik Agentliyinə (NSA) tabe olduqları iddia edilən üç şəxsi Çinə qarşı kiberhücumlarda şübhəli bilərək axtarışa verdiyini açıqlayıb. Bu barədə məlumatı dövlətin dəstəklədiyi media orqanları yayıb.

Çinin şimal-şərqində yerləşən Heilongjiang əyalətinin Harbin şəhərinin polisi çərşənbə axşamı bildirib ki, Ketrin Uilson, Robert Snellinq və Stiven Conson fevral ayında şəhərdə keçirilən Asiya Qış Oyunlarını hədəf alan kiberhücumlarda iştirak ediblər. Məlumatı rəsmi Sinxua agentliyi yayıb.

Rəsmilərin iddiasına görə, bu hücumlar NSA-nın Xüsusi Giriş Əməliyyatları bölməsi tərəfindən həyata keçirilib. Hücumların izini gizlətmək məqsədilə müxtəlif əlaqəli cəbhə təşkilatlarından istifadə olunub. Bu təşkilatlar müxtəlif ölkələrdən IP ünvanları əldə etməklə və Avropa ilə Asiya da daxil olmaqla müxtəlif regionlarda anonim serverlər icarəyə götürməklə fəaliyyət göstəriblər.

İstintaq nəticəsində məlum olub ki, hakerlər əsas diqqəti kritik sistemlərə yönəldiblər. Bu sistemlər arasında çoxsaylı idman növünü əhatə edən Qış Oyunları ilə bağlı həssas şəxsi məlumatların saxlandığı platformalar da yer alır.

Polisin məlumatına əsasən, hücumçular Heilongjiang əyalətində yerləşən enerji, nəqliyyat, su ehtiyatları, telekommunikasiya və müdafiə tədqiqat institutları kimi kritik infrastruktur sahələrini də hədəf alıblar.

Bundan əlavə, iddia olunan operatorların Çinin kritik informasiya infrastrukturuna dəfələrlə kiberhücumlar təşkil etdiyi və "Huawei" kimi şirkətləri hədəf alan əməliyyatlarda iştirak etdiyi bildirilib.

Çin Kibertəhlükəsizliyi Sənayesi Alyansının ötən ay dərc etdiyi hesabatda isə ABŞ-ın qlobal mobil sənaye ekosistemini “zərərli kiber fəaliyyətlərlə” hədəf aldığı iddia olunub.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us