ABŞ-ın həftəsonu İranın nüvə obyektlərinə həyata keçirdiyi hava hücumlarından sonra dünya bazarlarında neftin qiyməti yüksəlib. Bu vəziyyət, bölgədə silahlı toqquşmaların genişlənəcəyi və enerji axınında fasilələrin yaranacağı ilə bağlı narahatlıqları artırıb.
“Brent” markalı neftin və ABŞ-ın Qərbi Texas (WTI) neftinin qiyməti 4 faizdən çox artıb.
Hörmüz boğazı yenidən təhdid altındadır
Qiymətlərdəki bu sürətli yüksəliş ABŞ və İsrailin İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərini bombalamaq qərarından sonra baş verib. Bu hadisə, dünya üzrə xam neftin təxminən beşdə birinin daşındığı həyati əhəmiyyətli enerji marşrutu olan Hörmüz boğazının bağlanması təhlükəsini yenidən gündəmə gətirib.
İranın rəsmi “Press TV” telekanalı məlumat verib ki, İran parlamenti boğazın bağlanmasını dəstəkləyən təklifi təsdiqləyib. Lakin qeyd edək ki, rәsmi Tehran daha əvvəl də bu cür təhdidlər irəli sürsə də, həmin addımları heç vaxt reallaşdırmayıb.
Analitiklər bildirirlər ki, tam bağlanma baş verməsə belə, bölgədə artan gərginlik və dəniz yollarına dair risklərin yüksəlməsi daşınma və sığorta xərclərinin artmasına, eyni zamanda bölgədən neft axınının azalmasına səbəb ola bilər.
“Sparta Commodities” şirkətinin baş analitiki Cun Qo bildirib: “Neft infrastrukturuna zərər vurulması riskləri kəskin şəkildə artıb. Daşımalarla məşğul olan şirkətlər bölgədən getdikcə daha çox uzaq durmağa çalışacaqlar.”
“Goldman Sachs” investisiya bankı bəyan edib ki, əgər Hörmüz boğazı qismən bağlanarsa və neft axınları bir ay müddətində yarıbayarı azalsa, bu, “Brent” neftinin qiymətini qısamüddətli olaraq bir barrel üçün 110 dollara qədər yüksəldə bilər. Bununla belə, bank hazırda genişmiqyaslı fasilə gözləmədiyini də vurğulayıb.
Qeyd edәk ki, iyunun 13-dә İsraillə İran arasında hərbi gərginliyin başlamasından etibarən “Brent” markalı neftin qiyməti 13 faiz, “WTI” markalı neftin qiyməti isə təxminən 10 faiz artıb.