Rəsmilərin və yerli KİV-in mayın 2-də verdiyi məlumata görə, Hindistanın şimal-şərqində son dörd gündə davam edən şiddətli yağışların törətdiyi torpaq sürüşmələri nəticəsində təxminən 34 nəfər həlak olub. Hava proqnozu xidmətləri yaxın günlərdə daha güclü yağışların gözlənildiyini bildirib.
Hökumətin yaydığı açıqlamaya əsasən, Himalay bölgəsində yerləşən Sikkim ştatında min nəfərdən çox turist təxliyə edilib. Meqhalaya ştatında isə daşqın ərazilərində çətin vəziyyətdə qalan 500-dən çox insanı xilas etmək üçün orduya məxsus xilasedici qüvvələr səfərbər olunub.
Qonşu ölkə Banqladeşdə isə Silhet bölgəsinin şimal-şərqində baş verən torpaq sürüşməsi nəticəsində eyni ailədən təxminən dörd nəfər həyatını itirib. Mayın 1-də Ranqamati, Bandarban və Xaqraçhari kimi dağlıq rayonlarda yüzlərlə sığınacaq yer qurulduğu bildirilib.
Rəsmilər əlavə torpaq sürüşmələri və qəfil sellərlə bağlı xəbərdarlıq edərək, riskli bölgələrdə yaşayan əhalini ehtiyatlı olmağa çağırıblar.
Milyonlarla insan sel fəlakətindən təsirlənir
Hindistanın şimal-şərqi və Banqladeş hər il milyonlarla insanın həyatına təsir edən, ölümcül torpaq sürüşmələri və qəfil daşqınlarla müşayiət olunan güclü yağışların təsirinə məruz qalır.
Assam ştatının Silçar şəhərində küçələr və yaşayış evləri su altında qalıb. ANI xəbər agentliyinin yayımladığı görüntülərdə yolların aşmış ağaclarla dolu olduğu görünür.
Şəhər sakini Sonu Devi agentliyə açıqlamasında deyib ki, müxtəlif çətinliklərlə üz-üzəyik. Bir övladım var, yatağı suyun altında qalıb. Belə vəziyyətdə nə edə bilərik? Gecə boyu oyaq qalırıq.