2025 Qara dəniz və Balkanlar Təhlükəsizlik Forumunda “Anadolu” agentliyinə müsahibə verən Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay bildirib ki, Türkiyə olmadan Avropa İttifaqı və qitə təhlükəsizliyi böyük təhdidlə üzləşə bilər.
Ş. Alpay Avropa İttifaqını Türkiyənin rolunu tanımağa və daha inklüziv siyasət yürütməyə çağırıb. Onun sözləri prezident Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Hakan Fidanın davamlı bəyanatları ilə üst-üstə düşür.
Avropa İttifaqı mayın 28-də açıqladığı yeni Qara dəniz strategiyasında Türkiyəni “strateji əhəmiyyətə malik tərəfdaş və namizəd ölkə” kimi tanıdığını bildirərək onunla koordinasiyanın zəruriliyini vurğulayıb. Bu bəyanat, ABŞ-ın Avropaya dair təhlükəsizlik öhdəliklərini yenidən nəzərdən keçirdiyi bir dövrə təsadüf edir.
Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio Avropa ölkələrini müdafiəyə kifayət qədər vəsait ayırmadıqlarına görə tənqid edib və milli güclərinə daha çox sərmayə yatırmağa çağırıb. Digər tərəfdən ABŞ-nin müdafiə naziri Pit Heqset də Amerikanın daimi hərbi mövcudluğuna arxalanmamaq barədə xəbərdarlıq edərək müttəfiqlər arasında yük paylaşımının vacibliyini vurğulayıb.
Türkiyənin müdafiə texnologiyalarındakı potensialını vurğulayan nazir müavini Ş. Alpay isə Avropa ilə daha sıx əməkdaşlığa hazır olduqlarını bildirib. O, həmçinin Aİ-nin yeni Qara dəniz strategiyasında Türkiyə ilə koordinasiyanın vacibliyini vurğulayıb. Bu kontekstdə Qara dənizdə NATO üzvü olan Türkiyə, Rumıniya və Bolqarıstanın regional sabitlikdə əsas rol oynamalı olduğunu deyib.
Türkiyənin vasitəçilik rolu
Onun sözlərinə görə, 1936-cı il Montrö Konvensiyasına sadiqlik Rusiyanın Ukraynaya müdaxiləsindən sonra özünü göstərib və Türkiyə boğazlarının müharibə aparan gəmilərə bağlı olduğunu qeyd edib. O, Qara dənizdə hərbiləşmənin qarşısının alınması üçün beynəlxalq dialoqa çağırıb.
Bundan əlavə nazir muavini Ş. Alpay qeyd edib ki, Türkiyənin regional vasitəçi kimi etibarlı mövqeyi müxtəlif diplomatik təşəbbüslərlə də güclənməyə davam edir. Rəsmi Ankaranın Efiopiya və Somali arasında vasitəçiliyi, eləcə də Bosniya və Herseqovinada serb, xorvat və bosnialı icmalar arasında üçtərəfli əməkdaşlıq təşəbbüsü bunun göstəricisidir.
Türkiyənin Ukrayna-Rusiya arasında etibarlı vasitəçi kimi mövqeyini gücləndirdiyini bildirən Ş. Alpay İstanbulun sülh danışıqlarına ev sahibliyi etdiyini və iyunun 2-də ikinci turun planlaşdırıldığını xatırladıb.
Alpay həmçinin deyib ki, beynəlxalq ictimaiyyət Türkiyənin “ədalətli və bərabərhüquqlu” mövqeyinə görə ona güvənir və rəsmi Ankara bu istiqamətdəki rolunu davam etdirəcək.