Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp bəyan edib ki, İsrail Qəzzada 60 günlük atəşkəsin təmin olunması üçün zəruri olan şərtləri qəbul edib. O, “Hәmas”ı vasitəçi ölkələr tərəfindən irəli sürülən təklifi qəbul etməyə çağırıb və vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib.
D.Tramp bu barədə açıqlamanı iyulun 1-dә “Truth Social” hesabında yayımlayıb. O bildirib ki, həmin gün ABŞ nümayəndələri İsrail rəsmiləri ilə uzun və səmərəli bir görüş keçiriblər.
ABŞ prezidenti əlavə edib ki, yekun təklif Qətər və Misir vasitəsilə “Həmas”a təqdim olunacaq.
“Ümid edirəm ki, “Həmas” bu razılaşmanı qəbul edər. Çünki Yaxın Şərq üçün vəziyyət yaxşıya doğru getmir, әksinә daha da pisləşəcək”, – deyə D.Tramp bildirib.
Amerika prezidenti hәmçinin jurnalistlərə verdiyi açıqlamada atəşkəsin gələn həftə ərzində qüvvəyə minəcəyinə ümid etdiyini deyib. O, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşəcəyini təsdiqləyib. Görüşdə əsas mövzuların Qəzza və İran olacağı gözlənilir.
İsrailin Qəzza soyqırımı
İsrail 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlar aparır. Fələstinli rəsmilərin açıqlamasına görə, ölənlərin sayı artıq 56.600 nəfəri ötüb. Onların əksəriyyəti qadın və uşaqlardır.
Fələstinin rəsmi xəbər agentliyi “WAFA”nın məlumatına əsasən, dağıdılmış yaşayış binalarının altında təxminən 11.000 nəfərin cəsədi qalıb.
Bəzi müstəqil müşahidəçilər və ekspertlər isə əslində həlak olanların sayının rəsmi rəqəmlərdən xeyli çox olduğunu (təxminən 200.000) bildirirlər.
Qeyd edәk ki, Vaşinqton rәhbәrliyi uzun müddətdir İsrailin ən yaxın müttəfiqlərindən biridir. ABŞ illik olaraq İsrailə 3,8 milyard dollar həcmində hərbi yardım ayırır.
2023-cü ilin oktyabrından bəri ABŞ İsrailin Qəzzadakı hərbi əməliyyatları və regiondakı digər münaqişələrinə dəstək vermək üçün 22 milyard dollardan çox vəsait xərcləyib.
ABŞ-ın yüksək vəzifəli rəsmiləri Qəzzada dinc sakinlərin böyük sayda həlak olması ilə bağlı İsrailə müəyyən tənqidlər səsləndirsələr də, Vaşinqton indiyədək İsrailə silah tədarükünə məhdudiyyət qoyulması çağırışlarına qarşı çıxmaqda davam edir.