Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələrinin yaydığı məlumata görə, ölkə daxilində təbəqəli hava hücumundan müdafiə sistemi qurmaq məqsədilə “Dəmir günbəz” müdafiə sisteminə investisiya qoyulması planlaşdırılır.
İyunun 26-da yayılan bəyanatda bu ifadələrə yer verilib: “İlk növbədə ‘Dəmir günbəz’ sisteminə sərmayə qoymağı və təbəqəli hava hücumundan müdafiə qabiliyyətimizi genişləndirməyi planlaşdırırıq”.
Bu çərçivədə hipersəs, ballistik və qanadlı raket sistemləri, təyyarələr, gəmilər, tanklar, pilotsuz quru, dəniz və hava aparatları, eləcə də yeni nəsil təyyarədaşıyan gəmilər və freqatlara investisiyaların yatırılması nəzərdə tutulur.
Mənbələr həmçinin Türkiyənin NATO-nun ÜDM-in 2 faizi qədər müdafiə xərcləri hədəfini keçdiyini də vurğulayıblar.
Bəyanatda qeyd olunur ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə kimi alyansın əməliyyat və missiyalarına töhfə verən ilk beş üzv dövlətdən biridir. Bəyanatda həmçinin bildirilib ki, Türkiyə ona ayrılan bütün qabiliyyət hədəflərini yerinə yetirir və müdafiə büdcəsini artırmaqla yanaşı, müdafiə sənayesi, elmi-tədqiqat və inkişaf sahələrinə investisiyaları davam etdirir.